02 aprel 2026 14:13
91

Aprel döyüşlərindən Böyük Zəfərə və dayanıqlı sülhə doğru

Zəngin dövlətçilik ənənələrinə, bənzərsiz və unikal milli-mədəni irsə malik olan Azərbaycan xalqı tarix boyu müxtəlif mürəkkəb hadisə və proseslərlə üzləşmişdir. Lakin xalqımız ən çətin və ağır sınaqlardan belə öz iradəsi, milli birliyi və vətənpərvərlik ruhu sayəsində şərəflə və ləyaqətlə çıxmağı bacarmışdır. Tarixin müxtəlif mərhələlərində əldə edilən qələbələr, göstərilən qəhrəmanlıq nümunələri və dövlətçilik uğurları Azərbaycan xalqının iradəsinin, milli ruhunun və azadlıq əzminin bariz təzahürü kimi bəşəriyyətin yaddaşında özünə möhkəm yer tutmuşdur. Bu baxımdan hərb tariximizin qürurverici səhifələrindən biri olan 2016-cı ilin Aprel döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur.

2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu qətiyyətli əks-hücum əməliyyatlarına başladı. Dördgünlük müharibə kimi tarixə düşən bu döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığını, peşəkarlığını və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Qəhrəman əsgər, gizir və zabitlərimizin şücaəti nəticəsində düşmənə ağır zərbələr endirildi, strateji yüksəkliklər və 2 min hektardan artıq ərazi işğaldan azad olundu.

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalq-ordu birliyinin sarsılmazlığını və dövlətimizin hərbi qüdrətini bir daha sübut etdi. Bu qələbə eyni zamanda uzun illər ərzində Ermənistanın yaratmağa çalışdığı “məğlubedilməz ordu” mifinin tamamilə iflasa uğradığını göstərdi. Həmin günlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın milli qürurunu daha da artırdı və işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inamı gücləndirdi.

Aprel döyüşləri həm də böyük Zəfərə aparan yolun başlanğıcı kimi tarixə düşdü. Bu döyüşlər Azərbaycan Ordusunun real döyüş şəraitində əldə etdiyi mühüm hərbi-strateji təcrübə ilə yanaşı, cəmiyyətimizdə qələbə əhval-ruhiyyəsini və azadlıq iradəsini daha da möhkəmləndirdi. Məhz bu ruh, bu qətiyyət və bu inam 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbənin əsas ideoloji və mənəvi təməlini təşkil etdi.

44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusu darmadağın edildi, Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi və 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyuldu. Bu tarixi Zəfər regionda yeni siyasi reallıqlar formalaşdırdı və Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün möhkəm əsas yaratdı.

Hazırda Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Ermənistan ilə sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar da məhz bu məqsədə xidmət edir. Azərbaycanın mövqeyi aydındır: regionda uzunmüddətli sülhün təmin olunması, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası əsasında münasibətlərin normallaşdırılması. Bu isə həm region xalqlarının rifahı, həm də Cənubi Qafqazın təhlükəsiz gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan Ordusu öz tarixinin ən şanlı və qürurlu mərhələsini yaşayır. Dövlət tərəfindən həyata keçirilən ardıcıl ordu quruculuğu siyasəti nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti daha da güclənmiş, texniki və peşəkar imkanları əhəmiyyətli dərəcədə artmışdır. Aprel döyüşləri isə bu qüdrətin və qələbə əzminin ilk böyük müjdəsi kimi yaddaşlarda əbədi qalacaqdır.

Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycan xalqının şərəf və qürur mənbəyidir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə möhkəm cansağlığı və şəfa arzulayıram.

Yaşasın Müzəffər Ali Baş Komandanımız, var olsun qalib Azərbaycan!

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri