07 aprel 2026 14:58
143

Strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan

Azərbaycan Prezidenti cənab İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri çox mühüm siyasi və strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazda siyasi sabitliyin, iqtisadi inkişafın və regional əməkdaşlığın təmin olunmasında Azərbaycan-Gürcüstan münasibətləri xüsusi yer tutur. Bu münasibətlər uzun illərdir qarşılıqlı etimad, ortaq maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu gün Bakı ilə Tbilisi arasında formalaşmış əməkdaşlıq modeli region üçün ən uğurlu nümunələrdən biri hesab olunur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər də bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə daha da genişlənəcək:

“Dövlət başçısı vurğuladı ki, Azərbaycan ilə Gürcüstan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, ölkələrimiz bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyir. Bu yanaşma regionda sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirib. Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində region ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulub.

Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib, Aərbaycanın beynəlxalq nüfuzunu artırıb və ölkəmizin geostrateji mövqeyini daha da gücləndirib.

Dövlət başçımız mətbuata bəyanatında Orta Dəhlizin əhəmiyyətinə də xüsusi diqqət çəkərək hazırda Avropa ilə Asiyanı birləşdirən marşrut üzrə yükdaşımaların həcminin artığını və Azərbaycan-Gürcüstan əməkdaşlığının bu istiqamətdə də həlledici rol oynadığını vurğuladı.

Ümumiyyətlə, səfər çərçivəsində regional təhlükəsizlik və sülh məsələlərinin müzakirə olunması Azərbaycanın məsuliyyətli və təşəbbüskar dövlət kimi çıxış etdiyini göstərir. Prezident İlham Əliyevin Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi ilə bağlı fikirləri isə Azərbaycanın regionda sabitliyin formalaşmasında aparıcı rol oynadığını təsdiqləyir.

Onu da qeyd edim ki, bu gün Azərbaycan-Gürcüstan münasibətləri yalnız iki ölkənin maraqlarına xidmət etmir. Ümumilikdə bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsindən əlavə, regional sabitliyin güclənməsinə, iqtisadi və enerji əməkdaşlığının genişlənməsinə xidmət edir. Bu tərəfdaşlıq bütövlükdə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan regionun lider dövləti kimi öz mövqeyini daha da möhkəmləndirib və ölkəmiz gələcəkdə də beynəlxalq əməkdaşlıq layihələrinin mərkəzində yer almaqda davam edəcəkdir.

Bu səfər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində sabit, etibarlı və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Səfər zamanı səsləndirilən bəyanatlar və keçirilən görüşlər Azərbaycan–Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu təsdiqləyir.

İman ABDUYEV,
politoloq