07 aprel 2026 15:36
166

Azərbaycan və Gürcüstan münasibətləri tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan–Gürcüstan dostluğu əsrlərin sınağından çıxaraq bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Tarix boyu eyni coğrafiyada yaşayan iki xalq arasında formalaşmış qarşılıqlı hörmət və etimad müasir dövlətlərarası əlaqələrin əsasını təşkil edir.

Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri iki ölkənin əlaqələrinin qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rola malik olduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti  Mixeil Kavelaşvili ilə təkbətək, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşləri oldu. Prezidentlərin görüşündə Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə, yüksələn xətt üzrə inkişaf edir. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahına deyil, həm də bütün Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin həm tarixi köklərini, həm də gələcəyə yönəlmiş güclü perspektivlərini aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin “qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir” ifadəsi bu münasibətlərin rəsmi çərçivədən kənara çıxaraq səmimi və mənəvi bağlarla möhkəmləndiyini bir daha göstərir. Bu, diplomatik münasibətdən daha çox, ortaq yaddaş və ortaq dəyərlər üzərində qurulmuş bir birlikdir.

Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə də bir-birinə dayaq olan ölkələr kimi çıxış edir. Gürcüstanda müşahidə olunan siyasi sabitlik və davamlı inkişaf Azərbaycan tərəfindən yüksək qiymətləndirilir və bu uğurlar dost ölkənin nailiyyəti kimi qəbul olunur. Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Cənab İlham Əliyevin Baş nazir İrakli Kobaxidze ilə mətbuata bəyanatında xüsusi vurğuladığı bir məqam münasibətlərimizin siyasi onurğa sütununu təşkil edir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyib. Bu prinsipial mövqe hər iki dövlətin beynəlxalq hüquqa sadiqliyinin və regional sabitliyin qorunması naminə nümayiş etdirdikləri həmrəyliyin göstəricisidir.

İqtisadi əməkdaşlıq isə bu münasibətlərin ən konkret və ölçülə bilən tərəfidir. Ticarət dövriyyəsinin sürətlə artması, qarşılıqlı investisiyaların genişlənməsi iki ölkə arasında etimadın real nəticələrini göstərir. Azərbaycanın Gürcüstan iqtisadiyyatına qoyduğu  sərmayə sadəcə iqtisadi maraq deyil, eyni zamanda strateji dəstək və uzunmüddətli tərəfdaşlıq niyyətinin ifadəsidir. Azərbaycan investorlarının Gürcüstanda fəal iştirakı iqtisadi dinamikanın güclənməsinə və ümumi rifahın yüksəlməsinə mühüm töhfə verir. Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin ən mühüm sütunlarından biri olaraq qalır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu prosesin başlanğıc nöqtəsi məhz Gürcüstandır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr regionun iqtisadi xəritəsini dəyişməklə yanaşı, Azərbaycanla Gürcüstan arasında strateji bağlılığı daha da gücləndiribdir.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bu məqamlara xüsusi diqqət yönəldildi. Dövlətimizin başçısı bildirdi ki, iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Keçən il ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub. Bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparıldı və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər.

Bütün bunların fonunda Azərbaycan–Gürcüstan əlaqələri bu gün təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün nümunəvi əməkdaşlıq modeli kimi çıxış edir. Qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər gələcəkdə daha geniş miqyaslı layihələrin və təşəbbüslərin həyata keçirilməsinə zəmin yaradır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri