10 aprel 2026 14:44
135

Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub

Bakı Ali Neft Məktəbi (BANM) Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində öz stendi ilə çıxış edərək uğurla təmsil olunub. Çoxsaylı ziyarətçilər tərəfindən BANM-in stendi böyük maraqla qarşılanıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov BANM-in stendi ilə tanış olublar. Rektor Elmar Qasımov BANM-in müasir tədris proqramları, qabaqcıl laboratoriya infrastrukturu və geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi haqqında ətraflı məlumat verərək, tədrisin sənayenin tələblərinə uyğun şəkildə formalaşdırıldığını, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına xüsusi önəm verildiyini vurğulayıb.

Rektor Elmar Qasımov sərgidən öncə keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda da iştirak edib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbekin də iştirak etdiyi forum çərçivəsində Bakı Ali Neft Məktəbi ilə Qazaxıstanın 4 universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Qazaxıstanın Mukhametzhan Tynyshbayev adına ALT Universiteti, Almatı Texnoloji Universiteti, K.I. Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və Ş. Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti ilə BANM arasında imzalanan memorandumlar birgə təhsil proqramlarının hazırlanması, tələbə, müəllim və tədqiqatçıların qarşılıqlı mübadiləsi, birgə layihə təkliflərinin təqdim edilməsi kimi məsələləri nəzərdə tutur.

Rektor Elmar Qasımov Qazaxıstana səfəri çərçivəsində Qazax-Britaniya Texniki Universitetində də olub və universitetin rektoru Maratbek Qabdullin ilə görüşüb.

Görüşdə iki ali təhsil müəssisəsi arasında mövcud olan uğurlu əməkdaşlıq vurğulanıb, bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.