Azərbaycanda qadın sahibkarlığının inkişafında ən vacib məsələlərdən biri bu gün bizə hüquqi baxımdan göstərilən dəstəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə də baxdıqda görürük ki, iqtisadi və sosial inkişafın əsasını məhz güclü qanunvericilik bazası təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı müzakirələrdə deyib.
Onun sözlərinə görə, dövlətlərarası münasibətlərdə də bu məsələlərin öz əksini tapması vacibdir. Xüsusilə gömrük razılaşmalarının genişləndirilməsi qadın sahibkarlar üçün yeni imkanlar açacaq. “Azərbaycanda son illərdə bu sahədə böyük inkişaf müşahidə olunur. Bu inkişaf xüsusilə 2016-cı ildən sonra daha da sürətlənib. Qadın sahibkarların payının 3 faizdən 23 faizə yüksəlməsi dövlət dəstəyi və beynəlxalq əməkdaşlığın nəticəsidir. Dövlət qurumlarının dəstəyi, xüsusilə regionlarda həyata keçirilən inkişaf layihələri bu prosesdə mühüm rol oynayır. Qarabağın azad olunmasından sonra yaranan yeni imkanlar da bu inkişafı daha da sürətləndirib”, - deyə Səkinə Babayeva vurğulayıb.