24 aprel 2026 00:37
136

İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır

Dövlət başçısı İlham Əliyev Azərbaycan-Latviya biznes-forumundakı çıxışında bir daha biznes fəaliyyətini şərtləndirən amilləri diqqətə çatdırdı

İkitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritetdir. Əlaqələrin inkişafında iqtisadi amilə verilən önəm qarşlılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə, imzalanan sənədlərdə özünün aydın ifadəsini tapir. Latviya  Prezidenti Edqars Rinkeviçs aprelin 21-22-də ölkəmizdə rəsmi səfərdə oldu. Prezidentlərin keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, Azərbaycan-Latviya biznes-forumundakı çıxışlarında iki ölkə arasında əlaqələrin inkişafında ayrı-ayrı sahələrdə mövcud imkanlar geniş müzakirə edildi. Xüsusi önəm verilən  sahələrdən biri məhz iqtisadiyyatın  mühüm istiqamətləri oldu.  Aprelin 22-də  Prezident İlham Əliyevin və Latviya  Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə keçirilən Azərbaycan-Latviya biznes-forumu ümumilikdə hər iki ölkənin iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirilir. Prezident İlham Əliyev çıxışında “Məmnunam ki, cənab Prezidenti  Latviyadan olan iş adamlarının böyük qrupu müşayiət edir. Əminəm ki, onların azərbaycanlı həmkarları ilə təmasları maraqlı və məhsuldar olacaq” söyləyərək bu reallığa xüsusi diqqət yönəltdi ki,  istənilən biznes fəaliyyətinin arxasında bir neçə amil dayanır - ilk növbədə biznes qurduğunuz ölkədəki sabitlik, proqnozlaşdırılma imkanı, biznes və investisiya mühiti, həmçinin bağlantılar, ixrac bazarlarına çıxış imkanları və daxili bazarın həcmi kimi bir çox digər amillər.

Azərbaycan bu gün böyük investisiyalar məkanı kimi dünyanın diqqətindədir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurlar hazırda iqtisadiyyatın  şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində özünün aydın ifadəsini tapir. Ümummilli Lider iqtisadi tərəqqidə neft amilinə xüsusi önəm verməklə  bugünkü reallıqların  əsasını qoydu. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək üçün öncə regional əməkdaşlıqda əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin həyata keçirilməsinə nail olundu. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ilin mayında  Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin keçirilməsi, həmin ilin iyununda TANAP-ın, 2020-ci ilin dekabr ayında isə TAP-ın istifadəyə verilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Onu da qeyd edək ki, 2003-cü ildə Prezident seçilən cənab İlham Əliyevin əsas çağırışlarından biri bu oldu ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları bugünkü reallıqlarımızda öz əksini tapir. Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumundakı çıxışında bildirdi ki, biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük. Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

Günümüzün əsas reallıqlarından biri qaz ixracının genişləndirilməsidir. Sözügedən forumda cənab İlham Əliyev bu reallığa da diqqəti yönəldərək vurğuladı ki, indi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq. Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq. Hasil etdiyimiz qazın böyük hissəsi isə ixrac olunur. Beləliklə, qeyri-neft-qaz sektoruna aid sənaye və iqtisadiyyat artan hasilat profili və beynəlxalq bazarlarda, ilk növbədə Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır. O da qeyd edildi ki, planımız istehsalı və mütləq şəkildə ixracı artırmaqdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə biz dünyada birinci yerdəyik. Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik. Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan qazı və nefti onların enerji istehlakı portfelinin ən böyük hissəsini təşkil edir.

Dövlət başçısı İlham Əliyev biznes fəaliyyətinin arxasında dayanan amillərdən bəhs edərkən bağlantıları xüsusi qeyd edir. Bildirir ki, burada coğrafiya investisiyalarımızla və Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün uzunmüddətli siyasətlə tamamlanır. Bu, artıq baş verib və Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə nəqliyyat dəhlizləri artıq fəaliyyət göstərir. Azərbaycan ərazisində aparılan bütün tikinti işləri tamamlanmışdır. İndi gördüyümüz işlər isə müasirləşməyə, yeni fiziki infrastrukturun yaradılmasına, rəqəmsallaşdırılmaya, o cümlədən süni zəka tərəfindən yaradılan imkanlara investisiyaların yatırılmasından ibarətdir ki, Azərbaycan ərazisindən daşımalar bugünkü geosiyasi vəziyyətdə nəinki təkcə ən təhlükəsiz, lakin, eyni zamanda, daşıma haqları və zamanı nöqteyi-nəzərindən rəqabətli olsun. Burada investisiyalar üçün böyük imkanlar var, çünki bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir. Biz buraya çoxlu investisiyalar yatırmışıq və dost ölkələrlə, birbaşa qonşularımızla və qonşularımızın qonşuları ilə əməkdaşlıq edərək yüklər üçün təhlükəsiz və etibarlı nəqliyyat marşrutunu təmin edə bilmişik. Azərbaycan ərazisindən keçən yüklərin həcmi ildən-ilə artır.

Qeyd etdiyimiz kimi, açıq dənizə çıxışı olmayan ölkə olmasına  baxmayaraq,  Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit  ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yarandı. Xəzər hövzəsindəki karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaran Azərbaycan yükdaşımalarının təminatında da logistik mərkəz rolunu oynamaqla regional əhəmiyyətini artırır.

Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə-Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə, əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır. Hesablamalar göstərir ki, inkişaf etmiş nəqliyyat və logistika sistemi ümumi daxili məhsulda birbaşa artıma imkan verir.

Son beş  ildən artıq dövrdə   işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da  digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Artıq işğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı tikilib istifadəyə verib. Bu mühüm addımlar Azərbaycanın transit ölkə kimi möhkəmlənən mövqeyinə yeni əlavələr edir. Reallıq budur ki, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq  qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir.

Cənab İlham Əliyev Azərbaycan-Latviya biznes-forumundakı çıxışında onu da vurğuladı ki, istər yerli, istərsə də xarici investorlar üçün maliyyə sabitliyi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə də yaxşı nailiyyətlər haqqında danışa bilərik. Maliyyə sistemimiz sabitdir. Biz strateji plana əsaslanaraq borclanmadan asılılığımızı tədricən azaltdıq. Bu gün biz yalnız yüksək texnoloji fəaliyyət tələb edən layihələr üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və digər bu kimi aparıcı beynəlxalq qurumlardan kredit alırıq. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir. Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir. Başqa sözlə,  xarici öhdəliklərimizi  bir neçə ay ərzində sıfra endirə bilərik. Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub. Planlara gəldikdə qeyd edildi ki,  Azərbaycanda və həmçinin xaricdə, əsasən qonşu ölkələrdəki və Avropa İttifaqı zonasındakı enerji aktivlərinə investisiya qoymağa davam edirik. Bu, Avropa Komissiyası tərəfindən də dəstəklənir. Avropa Komissiyası ilə bir neçə əməkdaşlıq formatımız var ki, onlardan biri də enerji əməkdaşlığıdır. Avropa Komissiyası öz ictimai bəyanatlarında hər zaman Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş adlandırır və bu enerji əməkdaşlığı böyüyür.

Hazırkı dövrün əsas çağırışı  yaşıl enerjiyə keçiddir. Azərbaycanın malik olduğu bərpaolunan enerji potensialı beynəlxalq səviyyədə təqdir edilir.  Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Hədəf təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır.  2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaq əsas  hədəfdir. Cənab İlham Əliyev bildirdi ki, biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək. Latviya Prezidenti Edqars Rinkeviçs vurğuladı ki, Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas siyasət və ticarət tərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcəkdir.

Göründüyü kimi, Azərbaycanın bütün sahələrdə, o cümlədən iqtisadi sahədə malik olduğu imkanlar əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Sözügedən biznes-forumda kənd təsərrüfatı sahəsində əməkdaşlığın zəruriliyinin vurğulanması da bunun bariz nümunəsidir. Azərbaycanın son zamanlar ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət yetirməsi əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində də özünün aydın ifadəsini tapir.

Yeganə Əliyeva, “İki sahil”