13 may 2026-cı il tarixində Daşkənddə keçirilən “Özbəkistanın nefti və qazı (OGU-2026)” 28-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində bp şirkətinin “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişinə qoşulmasına dair sənədlər imzalanıb.
SOCAR-dan "İki sahil"ə bildirilib ki, Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy bloklarını əhatə edən sənədlər SOCAR-ın prezidenti Rövşən Nəcəf, Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov, “Uzbekneftegaz” ASC İdarə Heyətinin sədri Abdugani Sanginov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli tərəfindən imzalanıb.
Razılaşmaya əsasən, SOCAR-ın operatoru olduğu layihədə bp saziş üzrə ümumilikdə 40 faiz iştirak payı əldə edib. Bu payın 20 faizi SOCAR-dan, 20 faizi isə “Uzbekneftegaz”dan alınıb. Beləliklə, yeni razılaşmaya görə SOCAR 30 faiz, “Uzbekneftegaz” 30 faiz, bp isə 40 faiz iştirak payına sahib olur.
Xatırladaq ki, 24 iyul 2025-ci il tarixində SOCAR və “Uzbekneftegaz” Konsorsiumu ilə Özbəkistan Respublikasının Hökuməti arasında Özbəkistandakı “Üstyurt” investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi imzalanıb.
Hazırda layihə ilkin mərhələdədir və SOCAR operator qismində seysmik tədqiqat işlərini həyata keçirir.
Rövşən Nəcəf "OGU-2026" çərçivəsində keçirilən üçtərəfli görüşdən paylaşım edib - FOTO
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib