14 may 2026 21:22
93

AQTA sədri “Rosselxoznadzor”un rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfər çərçivəsində Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüş keçirib. 
“İki sahil” xəbər verir ki, görüş zamanı cari il ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması və ixrac proseslərinin sadələşdirilməsi imkanları nəzərdən keçirilib. Qida məhsullarının qablaşdırılması və etiketlənməsi, eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub.
Müzakirələrdə həmçinin elektron məlumat və təcrübə mübadiləsi, heyvanların identifikasiyası, xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə, eləcə də pestisidlərin və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət mexanizmləri diqqət mərkəzində olub.
Sergey Dankvert Azərbaycanın müsbət təcrübəsini yüksək qiymətləndirərək, iki qurum arasında formalaşmış səmərəli əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. 
Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.