14 may 2026 21:26
87

Fantastik sonluq, dəyişən lider - Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı başa çatdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına yekun vurulub. “İki sahil” xəbər verir ki, sonuncu, 5-ci yarış günündə iştirakçılar Tərtər-Ağdam-Füzuli-Şuşa-Xankəndi marşrutu üzrə 181,5 km məsafə qət ediblər.

Ağır dağ mərhələsi İspaniyanın “Burgos Burpellet PH” pro-kontinental komandasının velosipedçisi Coş Barnetin solo-finişi ilə yadda qalıb – o,  4 saat, 16 dəqiqə, 35 saniyə göstərici ilə hamını qabaqlayıb. Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının üzvü Henok Mulubrhan 4-cü mərhələdə olduğu kimi, bu dəfə də 2-ci olub. İlk üçlüyü “Burgos Burpellet PH” klubunun digər velosipedçisi Erik Antonio Faqundes tamamlayıb.

Sonuncu mərhələ həm də ümumi təsnifatın liderinin dəyişməsi ilə yadda qalıb – günün qalibi Coş Barnet “Silkway West Airlines” tərəfindən təqdim olunan və Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının lider idmançısına verilən mavi köynəyə sahib çıxıb. Ümumi təsnifatda 2-ci yeri “XDS Astana”nın üzvü Henok Mulubrhan, 3-cü yeri isə İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun təmsilçisi Aleksandr Balmer tutub.

Henok Mulubrhan sonuncu mərhələdəki çıxışı ilə “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyi də qazanıb. Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını, İspaniyanın “Equipo Kern Pharma” pro-kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi özündə saxlayıb.

Yarışın ən yaxşı komandası adını “Burgos Burpellet PH” pro-kontinental klubu qazanıb. Digər pro-kontinental kollektivlər “Bardiani CSF 7 Saber” (İtaliya) və “Equipo Kern Pharma” (İspaniya) müvafiq olaraq 2-ci və 3-cü olublar.

Fərqlənən velosipedçilərə mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov, federasiyanın icraçı vitse-prezidenti Fikrət Hüseynov, eləcə də “BST Logistik Company Limited” şirkətinin birinci vitse-prezidenti Lin Jin təqdim ediblər.

Bakıdan başlayıb Xankəndi şəhərində yekunlaşan yarış iscəsənət ustalarının konsert proqramı ilə başa çatıb.