Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə mayın 13-də Bakı Dövlət Universitetində (BDU) WUF13-ə həsr olunmuş maarifləndirmə sessiyası keçirilib. “İki sahil” xəbər verir ki, tədbirdə Universitetin müəllim heyəti, BDU və Azərbaycan Memarlıq və İnşaat Universitetinin 400-ə yaxın tələbəsi iştirak edib.
Tədbirdə BDU-nun prorektoru Əliş Ağamirzəyev Universitet tələbələrinin daim ölkənin ictimai-siyasi həyatında aktiv iştirak etdiklərini bildirib. O, BDU tələbələrinin ölkə və dünya üçün vacib olan WUF13 tədbirində də könüllü kimi iştirak edəcəklərini qeyd edib.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik, mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verib. O, Universitetin müəllim və tələbələrini Foruma dəvət edərək tədbirin proqramının artıq açıqlandığını bildirib. Qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər. Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.
WUF13 Festivalı Dənizkənarı Milli Park ərazisində yerləşən “Saat qülləsi”nin yaxınlığında keçirilən ictimai proqramla davam edir.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.