Bu gün dünya pandemiyaya nəinki daha yaxşı hazır deyil, hətta on il əvvəl baş vermiş Ebola qızdırması epidemiyası və altı il əvvəlki koronavirus pandemiyasından sonra da vəziyyət dəyişməyib. Həmin hadisələr qlobal cavab tədbirlərinin nə dərəcədə səmərəsiz olduğunu göstərib.
“İki sahil” xəbər verir ki, Pandemiyalara Hazırlıq üzrə Monitorinq Komitəsinin ekspert qrupu öz hesabatında bu qənaətə gəlib.
COVID-19 kimi pandemiyalarla bağlı böhranlar bir sıra islahatlara təkan verib, profilaktika və cavab tədbirlərinə milyardlarla dollar investisiya yatırılıb. Lakin ekspertlərin xəbərdarlığına görə, artan pandemiya risklərinin qarşısını almaq üçün görülən tədbirlər hələ də kifayət etmir. Bu barədə “Het Nieuwsblad” nəşri yazır.
Bildirilir ki, siyasi parçalanmanın güclənməsi, ekoloji pozuntular və qlobal nəqliyyat axınının artması bu səylərin təsirini azaldıb. Eyni zamanda, inkişaf məqsədləri üçün ayrılan yardımın həcmi 2009-cu ildən bəri ən aşağı səviyyədə qalır.
Ekspertlər bildirirlər ki, diaqnostika vasitələri, vaksinlər və dərmanlara bərabər çıxış imkanları baxımından ciddi problemlər qalmaqdadır. Məsələn, gəlir səviyyəsi aşağı olan zərərçəkmiş ölkələrin “Mpox” (meymunçiçəyi) vaksinlərinə çıxış əldə etməsi təxminən iki il çəkib. Bu müddət həmin ölkələrə COVID-19 vaksinlərinin çatdırılması üçün tələb olunan 17 aydan da uzun olub.
Hesabatda bildirilir ki, müasir dünyada siyasi parçalanma dərinləşib, maliyyə vəziyyəti isə daha da pisləşib. Belə şəraitdə hökumətlərin öz vətəndaşlarını pandemiyadan qorumaq imkanları azalacaq ki, bu da pandemiyanın bütün ölkələrə təsirini daha da artıracaq.
Ekspert qrupu siyasətçilər üçün üç əsas prioritet də müəyyən edib. Bunlar pandemiya risklərini izləmək üçün daimi və müstəqil monitorinq mexanizminin yaradılması, ÜST-yə üzv dövlətlərin 2025-ci ildə təsdiqlədiyi pandemiyalar haqqında sazişin tamamlanaraq ratifikasiya olunması vasitəsilə həyati əhəmiyyət daşıyan vaksinlərin, testlərin və müalicə vasitələrinin hamı üçün əlçatan olmasına şərait yaradılması, həmçinin böhran yaranacağı halda həm profilaktik tədbirlərin, həm də operativ cavab tədbirlərinin kifayət qədər maliyyələşdirilməsinin təmin edilməsidir.