Sovetlərdən qalma kitabxana sistemində həm infrastruktur, həm də məzmun baxımından bir çox problemlər var. Kitabxana fondlarını təhlil edərkən biz bu problemləri aydın şəkildə müşahidə etmişik. Bu gün kitabxanalarımız mövcud tələbatı tam şəkildə təmin edə bilirmi? Xeyr. Ona görə də bu sahə dövlətimiz üçün prioritet istiqamətlərdən biridir.
“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Milli Məclisdə keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, kitabxana sisteminin təkmilləşdirilməsi və optimallaşdırılmasının ilk hüquqi əsası 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış mədəniyyət müəssisələrinin optimallaşdırılması ilə bağlı fərmanla qoyulub.
“Həmin sənəddə kitabxana sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması və yeni yanaşmalar əsasında yenidən qurulması ilə bağlı həm Mədəniyyət Nazirliyinə, həm də hökumətə konkret tapşırıqlar verilib. Bu, ilkin hüquqi baza kimi çıxış edir. Eyni zamanda, bir daha qeyd etmək istəyirəm ki, “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasında da bu istiqamətdə xüsusi tapşırıqlar müəyyən olunub. Ümumilikdə, yeni mədəniyyət modelinin yaradılmasının əsas prinsiplərindən biri əlçatanlığın təmin edilməsidir. Mədəniyyətə əlçatanlığın təmin olunması əsas göstəricilərdən biri kimi qəbul edilir. Bu gün əsas məqsəd ölkə vətəndaşlarının, eləcə də ölkəmizə gələn qonaqların və xarici vətəndaşların kitaba çıxış imkanlarını təmin etməkdir. Bu məqsədə çatmaq üçün yeni kitabxana xidmət şəbəkəsi sistemi formalaşdırılır. Yeni modelin fəlsəfəsi də məhz bundan ibarətdir”, - deyə nazir qeyd edib.