Fransanın “Mediacités Lyon” nəşrinin çağırışına cavab olaraq, təxminən 500 könüllü Auvergne-Rhône-Alpes regionunun keçmiş prezidenti Loran Vokyenin (Laurent Wauquiez) 7 minə yaxın xərc sənədinin araşdırılmasına qoşulub. O, dövlət vəsaitlərinin mənimsənilməsi ittihamları ilə də gündəmə gəlmişdi. Bu sənədlər beş il davam edən hüquqi mübarizədən sonra nəhayət jurnalistlərə təqdim edilib.
“İki sahil” xəbər verir ki, “Mediacités”nin məlumatına görə, sənədlər mayın 21-də 2021-ci ilin sentyabrında edilmiş ilkin müraciətdən düz 1708 gün sonra, həm də kağız formatında əldə olunub.
Nəşr bu məlumatları almaq üçün əvvəlcə İnzibati Sənədlərə Çıxış Komissiyasına, daha sonra inzibati məhkəməyə müraciət edib. Sonradan Loran Vokyenin Dövlət Şurasına etdiyi şikayət də hüquqi prosesin uzanmasına səbəb olub.
Auvergne-Rhône-Alpes regional administrasiyası sənədlərin kağız formatında təqdim edilməsinin qanunvericiliyə uyğun olduğunu bildirib və digər regionların da oxşar üsuldan istifadə etdiyini vurğulayıb.
“Mediacités” isə bunu şəffaflığa qarşı yönəlmiş addım kimi qiymətləndirərək, məlumatların təhlilini çətinləşdirdiyini qeyd edib. Nəşr sənədlərin araşdırılması üçün oxucularına müraciət edib və nəticədə yüzlərlə könüllü prosesə qatılmaq üçün qeydiyyatdan keçib. İlk araşdırma sessiyasının Lyon şəhərində keçiriləcəyi bildirilib.