Portuqaliya prokurorluğu iki uşağı öldürməyə cəhdlə bağlı 41 yaşlı qadına və onun sevgilisinə ittiham irəli sürüb.
“İki sahil” "Observador" nəşrinə istinadən xəbər verir ki, qadın iki oğlu ilə Fransanın Kolmar şəhərindən səyahətə çıxıb.
İspaniyada sevgilisi ilə görüşən qadın onunla birlikdə Portuqaliyaya yollanıb. İttiham tərəfinin versiyasına görə, cütlük uşaqlardan yaxa qurtarmaq qərarını restoranda nahar edərkən verib.
Onlar dörd və beş yaşlı oğlanları meşəyə aparıb, gözlərini skoçla bağlayaraq oyun oynamağı təklif ediblər. Uşaqlara ağacların arasında gizlədilmiş "xəzinə"ni tapmaq tapşırılıb, özləri isə hadisə yerindən uzaqlaşıblar. Ana oğullarının yanında paltar, iki alma, bir şüşə su və iki paket peçenye qoyub.
Bir neçə saat sonra uşaqların qışqırıqlarını yerli çörəkçi eşidib və polisə məlumat verib. Cütlük iki gün sonra hadisə yerindən təxminən 160 kilometr məsafədə yerləşən kafedə saxlanılıb. Şahidlərin sözlərinə görə, sevgililər kafenin açıq terrasındakı masada sakitcə oturub, söhbət edir və gülürdülər.
Hər iki şəxsə məişət zorakılığı və uşaqları təhlükə qarşısında qoymaqla bağlı dörd epizod üzrə ittiham irəli sürülüb. Onlar məhkəməni gözləyərək həbsdə saxlanılırlar. Qardaşlar Fransaya qaytarılaraq sosial xidmətlərin himayəsinə verilib.