Əsas məqsədimiz suvarma infrastrukturunun yenilənərək müasirləşdirilməsi, su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması və fermerlərimizi etibarlı və stabil su təminatı ilə təchiz etməkdir. Yeni Dövlət Proqramının ana xəttini də, məhz ekstensiv metodlardan yüksək əlavə dəyər yaradan intensiv üsüllara keçid təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.
Onun sözlərinə görə, su resurslarının səmərəli idarə olunması sadəcə ekoloji məsələ deyil, bu bizim həm milli təhlükəsizlik həm də ərzaq müstəqilliyi baxımından əsas prioretetlərimizdən biridir.
“Son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində orta illik temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq, bu bölgədə də yeni çağırışlar formalaşdırıb. Xüsusən dağlıq və dağətəyi relyefə malik olan Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması, infrastrukturun yenidən qurulması və suvarma mexanizmlərinin müasirləşdirilməsi həyati əhəmiyyət kəsb edir. Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən regionun su təminatının köklü şəkildə yaxşılaşdırılması üçün, irimiqyaslı layihələrin icrasına başlanılıb. Bu layihələrin mühüm hissəsi məhz Şəki-Zaqatala iqtisadi rayonunun su təminatının yaxşılaşdırılmasına xidmət edir”, - deyə Xəyyam Məmmədov vurğulayıb.
Əlicançay su anbarının tikintisinin xüsusi əhəmiyyət daşıdığını deyən ADSEA sədr müavini layihə çərçivəsində 134 kilometr uzunluğunda və saniyədə 12 kubmetr suburaxma qabiliyyətinə malik əsas kanalın tikintisinin də nəzərdə tutulduğunu sözlərinə əlavə edib: “Layihənin həyata keçirilməsi nəticəsində Şəki və Qax rayonları ərazisində ümumilikdə 34 min hektara yaxın torpaq sahəsinin etibarlı suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. Layihənin digər mühüm komponenti yaşayış məntəqələrinin içməli su təminatının yaxşılaşdırılmasıdır. Bu çərçivədə Şəki rayonunun 12, Oğuz rayonunun isə 16 yaşayış məntəqəsinin ümumilikdə 49 min nəfərdən çox sakininin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı mümkün olacaq. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Region üçün mühüm əhəmiyyət kəsb edən digər layihə Yengicə su anbarının tikintisidir. Qəbələ rayonunda həyata keçirilən bu layihə çərçivəsində 17,5 milyon kubmetr həcmində su anbarı və 24,5 kilometr uzunluğunda əsas kanal inşa edilir. Layihənin tamamlanması nəticəsində Qəbələ rayonunda ümumilikdə 10 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq. Bunun 3388 hektarı mövcud suvarılan sahələrin su təminatının yaxşılaşdırılması, 6612 hektarı isə yeni suvarılan torpaq sahələrinin yaradılması hesabına təmin ediləcək. Layihə xüsusilə Yenikənd, Zalam, Kiçik Əmili, Böyük Əmili, Bilix və Məlikli kəndlərində aqrar istehsalın genişləndirilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması baxımından böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, su təsərrüfatlarının idarə edilməsində Sudan İstifadəedənlər Birliklərinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ilk pilot layihənin də məhz Yengicə su anbarının xidməti ərazisində həyata keçirilməsi nəzərdə tutulub. Həyata keçirilən bütün bu layihələr Şəki-Zaqatala iqtisadi rayonunda kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə keçməsinə, su təhlükəsizliyinin möhkəmlənməsinə və regionun ümumi sosial-iqtisadi rifahına ciddi töhfələr verəcək”.
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil - Şahmar Mövsümov
İnvestisiya Portalı: Sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti