Kənd təsərrüfatının inkişafı yalnız yeni su mənbələrinin yaradılması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd hər kubmetr sudan daha yüksək səmərə ilə istifadə etməkdir. Bu baxımdan damcı suvarma, yağmurlama və pivot sistemləri kimi müasir texnologiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bunu Qax rayonunda keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı regional müşavirədə çıxışı zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.
Onun sözlərinə görə, bu texnologiyalar su sərfiyyatını azaltmaqla yanaşı, məhsuldarlığın və iqtisadi səmərəliliyin artmasına da mühüm şəkildə köməklik edir.
“Yeni Dövlət Proqramı çərçivəsində bu innovativ sistemlərin genişləndirilməsi, rəqəmsal monitorinq və dəqiq su uçotunun qurulması, həmçinin fermerlərin maarifləndirilməsi əsas prioritetlərdən biridir. Mövcud su obyektlərinin istismar keyfiyyətinin yüksəldilməsi də diqqət mərkəzindədir. Hazırda agentliyin xidmət göstərdiyi ərazilərdə Balakən rayonunda 8 min 400 hektar, Zaqatala rayonunda 15 min 562 hektar, Qax rayonunda 21 min 358 hektar, Şəki rayonunda 38 min 980 hektar, Oğuz rayonunda 13 min 707 hektar, Qəbələ rayonunda isə 11 min 703 hektar suvarılan sahə mövcuddur. Sözügedən ərazilərdə fəaliyyət göstərən su təsərrüfatı infrastrukturu ümumilikdə 3700 kilometrə yaxın suvarma şəbəkəsini, 3374 hidrotexniki qurğunu, 701 subartezian və 294 artezian quyusunu və 17 nasos stansiyasını əhatə edir. Cari ildə bu rayonlar üzrə təxminən 98 min nəfərə yaxın kənd təsərrüfatı istehsalçısı suvarma və digər məqsədlər üçün su ilə təmin olunub və hazırda da qrafikə uyğun olaraq su təminatı davam etdirilir”, - deyə Xəyyam Məmmədov vurğulayıb.
ADSEA sədr müavininin sözlərinə görə, 2025-ci il ərzində istismar tədbirləri hesabına su təsərrüfatı obyektlərində aparılmış əsaslı təmir işləri çərçivəsində ölkə üzrə 55 kilometrdən artıq suvarma kanalı beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd və 204 subartezian quyusu əsaslı təmir olunub: “Cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.
Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib. Bu kompleks addımlar infrastrukturun dözümlülüyünü artırır, itkiləri minimuma endirir və fermerlərimizin suya çıxışını daha da asanlaşdırır. Bu gün qarşımızda duran əsas vəzifə, kənd təsərrüfatını iqlim dəyişikliyinə davamlı və dayanaqlı model əsasında inkişaf etdirməkdir. Müasir çağırışlar göstərir ki, gələcək aqrar inkişaf, torpaq sahələrinin genişləndirilməsi ilə deyil, mövcud resurslardan daha səmərəli və qənaətlə istifadə ilə bağlıdır. Buna görə də əsas hədəf həm su, həm də torpaq ehtiyatlarımıza münasibətdə rasional yanaşma prinsiplərini tam bərqərar etməkdir”.
Kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil - Şahmar Mövsümov
İnvestisiya Portalı: Sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir