24 iyun 2026 00:36
113

İnformasiya məkanında yeni institusional mərhələ başlayacaq

Güclü və dayanıqlı informasiya məkanının mövcudluğu milli təhlükəsizliyin əsas komponentlərindən biri sayılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Vətən müharibəsindəki tarixi Zəfərimizdən dərhal sonra - 12 yanvar 2021-ci ildə “Azərbaycan Respublikasında media islahatlarının daha da dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Fərmana uyğun olaraq Medianın İnkişafı Agentliyinin yaradılması, ardınca "Media haqqında" yeni Qanunun qəbul edilməsi və digər bu kimi kompleks addımların atılması ölkədə media üzrə yeni hüquqi-institusional mexanizmlərə keçidin bünövrəsini qoydu. Bu baxımdan Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılmasını ehtiva edən qanunvericilik təşəbbüsü də ölkədə son illər həyata keçirilən sistemli media islahatlarının məntiqi davamıdır. Bu dəyişiklik rəqəmsal dövrün çağırışlarına uyğun olaraq informasiya siyasətinin daha çevik, koordinasiyalı və vahid yanaşma əsasında formalaşdırılmasına xidmət edir.

Bu fikirləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın bazasında Media və Yayım Şurasının yaradılması ilə bağlı “İki sahil”in sualını cavablandırarkən deyib.

O, həmçinin bildirib ki, təsdiq olunmuş faktdır ki, rəqəmsal transformasiya medianın klassik təsnifatını aradan qaldırıb: “Çap, onlayn və audiovizual media arasındakı sərhədlər böyük mənada aradan qalxıb, konvergensiya olunmuş media tipi yaranıb. Bu şəraitdə müxtəlif media seqmentlərinin ayrı-ayrı mexanizmlərlə idarə olunması əvvəlki qədər effekt vermir. Milli informasiya məkanının təhlükəsizliyinin təmin olunması, dezinformasiyaya qarşı operativ mübarizə, rəqəmsal platformaların monitorinqi və media subyektlərinin inkişafının stimullaşdırılması daha çevik, koordinasiyalı institusional yanaşma tələb edir.

Məsələyə bu kontekstdə yanaşsaq Audiovizual Şura ilə Medianın İnkişafı Agentliyinin bazasında kollegial idarəetmə prinsiplərinə əsaslanan Media və Yayım Şurasının yaradılması dövlətin vahid institusional yanaşma strategiyasının təbii davamıdır. Yeni Şuraya verilməsi nəzərdə tutulan səlahiyyətlərin təhlili göstərir ki, burada əsas prioritetlərdən biri media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, peşəkarlığın artırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, milli media məhsullarının inkişafı və dezinformasiyaya qarşı sistemli mübarizənin təşkilidir. Xüsusilə rəqəmsal məzmunun təhlili, ictimai rəyin öyrənilməsi, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyanın yayılması risklərinin minimuma endirilməsi istiqamətində nəzərdə tutulan mexanizmlər müasir dövrün reallıqlarına tam uyğun gəlir. Eyni zamanda, diqqətəlayiq məqamlardan biri də Media Reyestri ilə bağlı nəzərdə tutulan yeniliklərdir”.

Müsahibimiz daha sonra bildirdi: “Bütün bu faktlara əsaslanaraq deyə bilərik ki, təklif olunan qanunvericilik dəyişiklikləri təsdiqlənərsə, Azərbaycanın informasiya məkanında yeni institusional mərhələ başlayacaq. Bu dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə, milli media məhsullarının inkişafının stimullaşdırılmasına, media subyektlərinin iqtisadi dayanıqlığının gücləndirilməsinə, rəqəmsal çağırışlara adekvat cavab verilməsinə və nəticə etibarilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha effektiv çatdırılmasına əlavə imkanlar yaradacaq”.

Qvami Məhəbbətoğlu, “İki sahil”