Avropa Şurasının bəzi qurumları hələ də Azərbaycana qarşı düşmən mövqeyində durublar. Həmin qurumlarda artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələlər qəsdən müzakirəyə çıxarılır və Azərbaycanın artıq de-fakto və de-yure təsdiqlənmiş ərazi bütövlüyü şübhə altına alınır. Təbii ki, “gorbagor olmuş” bu məsələnin yenidən mübahisələndirilməsi qara məqsədlərlə edilir.
Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı qəbul etdiyi 18 iyun tarixli bədnam qərar da bu çirkin məqsədə xidmət edir. Bununla bağlı Avropa Şurası Bakı ofisinin rəhbəri Petr Zix Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa İnsan Hüquqları Məhkəməsinin 18 iyun tarixli qərarına kəskin etiraz bildirilib. Eyni zamanda, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb. Sözügedən məhkəmənin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi “DQR” adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib.
Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz edilib. Həmçinin “DQR” arasında təmas xətti”, eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu Avropa Şurası rəsmisinin diqqətinə çatdırılıb.
Şübhəsiz ki, Avropa Şurasında, o cümlədən bu beynəlxalq təşkilatın Avropa İnsan Hüquqları Məhkəməsində oturanların ata-babaları belə Ermənistanın özünün Azərbaycan torpaqlarında silah gücünə qondarıldığını yaxşı bilirlər. Amma “mədəni avropalılar” bütün bunları bilə-bilə yenə də məsələyə dini təəssübkeşlik baxımından yanaşaraq separatçıları müdafiə edirlər. Axı, dini təəssükeşlik demir ki, silahlanıb başqa ölkənin əhalisini qırmaqla, onu yüz illərlə yaşadığı yurdundan deportasiyaya məruz qoymaqla ərazisini zorla əlindən alsın. Bu, XXI əsrdə görünməmiş vəhşilik və cəngəllik qanunlarıdır. Ancaq özbaşınalıqlar artıq ayaq tuta bilmir, çünki qarşısında qüdrətli Azərbaycan Ordusu var. Belə məlum olur ki, bunlarla sivil formada deyil, güc dili ilə danışmaq lazımdır.
Sadə məntiqlə düşünəndə belə qanunsuz hərəkətlər ona oxşayır ki, özünü hamıdan üstün sayan birisi başqasının evini zorbalıqla dindaşlarının arasında bölüşdürür. İnsanlıqdan kənar barbarlığın nəticəsidir ki, bu gün “mədəni Avropa” ölkələrində insan haqları kobudluqla pozulur. Çarəsiz qalan vətəndaşlar mitinqlər, tətillər, etiraz nümayişləri keçirir, bunlar nəticə verməyəndə aqressivləşir, dövlət başçısının üzünə tüpürür, şillə vururlar. Bunun da xeyri olmadığını görən insanlar daha radukal yollara ıl atmalı olurlar. Öz ölkələrində ictimai asayişi təmin edə bilməyən kütbaşlar başqa ölkələr üzərində “darğalıq” etmək iddiasına düşürlər.
Göründüyü kimi, öz məkanında vətəndaşlarını incik salan “mədəni Avropa” məhkəməsinin avantürist rəhbərləri və hakimləri yaxşı olar ki, düşüncəsiz hərəkətlərində düzəliş etsinlər, ağıllı yola qayıtsınlar. O sırada Avropa Şurası nümunə göstərsə daha yaxşı olar.
Vəli İlyasov, “İki sahil”