Bakı Dövlət Universiteti (BDU) nüfuzlu “Times Higher Education (THE)” təşkilatının açıqladığı “THE Sustainability Impact Ratings 2026” (THE Dayanıqlı İnkişafa Təsir Reytinqləri 2026) reytinqində mühüm uğur qazanıb. Universitet ilk dəfə olaraq bu reytinqdə 101–200 diapazonunda qərarlaşaraq dünyanın TOP 200 ali təhsil müəssisəsi sırasında yer alıb. “İki sahil” xəbər verir ki, BDU ötən il qərarlaşdığı 401–600 diapazonundan yüksələrək dayanıqlı inkişaf sahəsində beynəlxalq fəaliyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
2026-cı il reytinqində 1600-dən çox ali təhsil müəssisəsi qiymətləndirilib. BDU 16 Sustainable Development Goals (SDGs) (Dayanıqlı İnkişaf Məqsədləri - DİM) üzrə qiymətləndirmədə iştirak edib və bir sıra istiqamətlər üzrə dünyanın aparıcı universitetləri sırasında qərarlaşıb. Universitet 5 Dayanıqlı İnkişaf Məqsədi üzrə qlobal TOP 100-ə daxil olub. Belə ki, BDU DİM 1 – "Yoxsulluğa son" üzrə 23-cü, DİM 4 – "Keyfiyyətli təhsil" üzrə 63-cü, DİM 5 – "Gender bərabərliyi" üzrə 3-cü, DİM 10 – "Bərabərsizliyin azaldılması" üzrə 40-cı, DİM 16 – "Sülh, ədalət və güclü institutlar" üzrə isə 92-ci yerdə qərarlaşıb.
“THE Sustainability Impact Ratings” universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir. Reytinq ali təhsil müəssisələrinin təhsil və elmi-tədqiqat fəaliyyəti, idarəetmə sistemi, sosial məsuliyyət təşəbbüsləri, cəmiyyətə təsiri və ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətləri əsasında formalaşdırılır və universitetlərin dayanıqlı inkişaf gündəliyinə verdiyi real töhfəni əks etdirir.
Əldə olunan nəticə BDU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha təsdiqləyir. Reytinqdəki yüksəliş universitetdə sosial məsuliyyət, inklüzivlik, bərabər imkanların təmin edilməsi, keyfiyyətli təhsil və dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə sistemli şəkildə həyata keçirilməsinin nəticəsidir. Eyni zamanda, bu nəticə BDU-nun beynəlxalq akademik nüfuzunu, qlobal tərəfdaşlıqlar üçün cəlbediciliyini və strateji əməkdaşlıq potensialını daha da gücləndirir.
BDU rəhbərliyi bu mühüm nailiyyət münasibətilə universitetin professor-müəllim heyətini, əməkdaşlarını, tələbələrini və tərəfdaşlarını, eləcə də “THE Sustainability Impact Ratings 2026” reytinqində təmsil olunan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir.