Ekspert: "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif olunan dəyişikliklər ölkənin rəqəmsal suverenliyini gücləndirən strateji addımdır
Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə informasiya təhlükəsizliyi dövlətlərin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal iqtisadiyyatın inkişafı, elektron ticarətin və onlayn xidmətlərin geniş yayılması informasiya sistemlərinin qorunmasını strateji məsələyə çevirir. Bu baxımdan Milli Məclisdə müzakirəyə çıxarılan "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif olunan dəyişikliklər Azərbaycanın kibertəhlükəsizlik sahəsində hüquqi və institusional imkanlarının gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilə bilər.
Hüquqi tənzimlənmə müasir çağırışlara uyğunlaşdırılır
Qanun layihəsinin əsas məqsədlərindən biri informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləməni müasir çağırışlara uyğunlaşdırmaqdır. Bu gün kiberməkanda yaranan təhdidlər əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb xarakter daşıyır. Layihədə diqqət çəkən məqamlardan biri qanunvericiliyə kibertəhlükəsizlik sahəsində yeni anlayışların əlavə edilməsidir. Dəyişikliklərin mühüm tərəflərindən biri də dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC strukturlarının hüquq və vəzifələrinin konkretləşdirilməsidir. Qanun layihəsində kibertəhlükəsizlik monitorinqi və auditlərinin aparılması ilə bağlı müddəaların yer alması da xüsusi əhəmiyyət daşıyır. Layihədə rəqəmsal dəlil və rəqəmsal tədqiqat anlayışlarının yer alması kibercinayətkarlıqla mübarizə baxımından da yeni imkanlar yaradır. Dəyişikliklərin ən mühüm tərəflərindən biri internet informasiya ehtiyatlarının sahibləri, hostinq provayderləri və internet xidmət təminatçıları üçün yeni öhdəliklərin müəyyən edilməsidir.
Milli CERT-in səlahiyyətlərinin genişləndirilməsi də diqqət çəkən yeniliklər sırasındadır. Dünyanın bir çox ölkələrində milli səviyyədə fəaliyyət göstərən kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri kiberhücumların koordinasiyalı şəkildə qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycanda da bu strukturun imkanlarının artırılması ölkənin kiberməkanda dayanıqlığını gücləndirə, dövlət və özəl sektor arasında məlumat mübadiləsini sürətləndirə bilər. Qanuna təklif edilən dəyişikliklərdə rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və tənzimləyici test mühitinin yaradılması ilə bağlı müddəalar da yer alıb. Bu mexanizm innovativ texnologiyaların real şəraitdə sınaqdan keçirilməsinə, yeni rəqəmsal həllərin təhlükəsizlik baxımından qiymətləndirilməsinə və texnoloji yeniliklərin daha təhlükəsiz şəkildə tətbiqinə imkan verəcək.

Rəqəmsal suverenliyin qorunmasında strateji addım
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, sözügedən Qanuna təklif edilən yeni dəyişikliklər ölkədə kritik informasiya infrastrukturunun mühafizəsi və rəqəmsal suverenliyin təmin olunması istiqamətində atılmış olduqca strateji bir addımdır. Bu hüquqi islahat rəqəmsal mühitdə təhlükəsizlik məsələlərini sadəcə tövsiyə xarakterindən çıxararaq daxili provayderlər, hostinqlər və internet informasiya ehtiyatlarının sahibləri üçün birbaşa hüquqi öhdəliyə çevirir. Qanunvericiliyə "kiberməkan", "kibergigiyena", "rəqəmsal dəlil", "CERT" və "SOC" kimi müasir anlayışların rəsmən daxil edilməsi kiberinsidentlər zamanı hüquqi tənzimləməni asanlaşdıracaq və kibercinayətkarlığa qarşı mübarizədə rəqəmsal sübutların qanuni statusunu möhkəmləndirəcəkdir.
Kibermüdafiədə koordinasiya yeni səviyyəyə yüksəlir
Ekspert onu da qeyd etdi ki, bu yeniliklərin praktik əhəmiyyəti ölkədə dağınıq deyil, mərkəzləşdirilmiş və koordinasiyalı bir kibermüdafiə zirehinin qurulmasında özünü göstərir. Milli CERT və Dövlət CERT-in səlahiyyətlərinin genişləndirilməsi, habelə qurumların Təhlükəsizlik Əməliyyatları Mərkəzləri (SOC) ilə qarşılıqlı əlaqəsi kiberhücumlar zamanı real vaxt rejimində çevik məlumat mübadiləsini və zəncirvari müdafiə reaksiyasını təmin edəcəkdir. Eyni zamanda, innovativ startaplar və rəqəmsal həllər üçün xüsusi sınaq mühitinin (tənzimləyici test mühiti - sandbox) yaradılması yeni texnologiyaların real bazara çıxmazdan əvvəl təhlükəsizliyini yoxlamağa imkan verəcək. Bu dəyişikliklər həm dövlət qurumlarının, həm də özəl sektorun kibergigiyena standartlarını yüksəltməklə yanaşı, Azərbaycanın rəqəmsal ekosistemini gələcək qlobal kibertəhdidlərə qarşı daha dayanıqlı və rasyonal formaya salacaqdır.
Nigar Orucova, "İki sahil"