30 iyun 2026 15:15
133

Birinci Türkoloji Qurultay - 100: tarixi irsdən müasir Türk dünyasının strateji birliyinə

Türk dünyasının zəngin tarixi, ortaq dili, mədəniyyəti və mənəvi dəyərləri əsrlər boyu onun xalqlarını bir-birinə bağlayan ən möhkəm amillərdən olmuşdur. Qloballaşmanın sürətləndiyi, beynəlxalq münasibətlər sisteminin yeni geosiyasi reallıqlar fonunda yenidən formalaşdığı müasir dövrdə bu ortaq dəyərlərin qorunması və inkişaf etdirilməsi, türk dövlətləri arasında siyasi, iqtisadi, elmi və humanitar əməkdaşlığın daha da möhkəmləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan, yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın irsi bu gün də öz aktuallığını qoruyur və Türk dünyasının inteqrasiyası prosesində mühüm ideoloji, elmi və mənəvi platforma kimi çıxış edir.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olmuşdur. Qurultay yalnız dövrün aktual elmi problemlərinin müzakirə olunduğu beynəlxalq toplantı deyil, eyni zamanda türk xalqlarının ortaq tarixi yaddaşını, dil birliyini, mədəni irsini və gələcək inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental ideyaların formalaşdırıldığı mühüm elmi-siyasi hadisə idi. Burada qəbul olunan qərarlar türk dillərinin inkişafı, ortaq əlifba məsələsi, milli-mədəni özünüdərk və elmi əməkdaşlıq baxımından uzunmüddətli strateji əhəmiyyət daşıyırdı.

Aradan yüz il keçməsinə baxmayaraq, Birinci Türkoloji Qurultayın irəli sürdüyü ideyalar öz aktuallığını itirməmiş, əksinə, müasir Türk dünyasının inteqrasiya proseslərinin ideoloji əsaslarından birinə çevrilmişdir. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması yalnız tarixi bir hadisənin anılması deyil, həm də ortaq gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir.

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin təntənəli açılış mərasimi keçirildi. Elm və mədəniyyət istiqamətində silsilə tədbirləri əhatə edən həftə Azərbaycan Respublikası Prezidentinin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Türk Dünyası Həftəsi" iştirakçılarına müraciətini səsləndirilmişdir.

Dövlət başçısı müraciətində qeyd etmişdir ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi təşəbbüsü ötən ilin oktyabrında Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə irəli sürülmüş və bu təşəbbüsün reallaşması böyük məmnunluq doğurur. Prezident İlham Əliyev vurğulamışdır ki, yubiley tədbirlərinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır.

Müraciətdə diqqətə çatdırılmışdır ki, Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyası ideyasının formalaşmasında müstəsna rol oynamışdır. Həmin dövrdə dil, tarix, etnoqrafiya, ədəbiyyat, mədəniyyət və vahid ümumtürk əlifbası kimi mühüm məsələlərin müzakirə olunması Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, sovet totalitar rejimi bu ideyaların həyata keçirilməsinə mane olsa da, Qurultayın irsi qorunub saxlanılmış və müstəqillik əldə edən türk dövlətlərinin yenidən yaxınlaşmasında mühüm ideoloji əsas olmuşdur.

Prezident İlham Əliyev vurğulamışdır ki, bu gün Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələrin bünövrəsində məhz Birinci Türkoloji Qurultayın mütərəqqi ideyaları dayanır.

Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycan Türk dünyasının əməkdaşlıq prosesində artıq yalnız iştirakçı dövlət kimi deyil, bu birliyin əsas təşəbbüskarlarından və strateji istiqamətverici ölkələrindən biri kimi çıxış edir. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycanın siyasi nüfuzu əhəmiyyətli dərəcədə artmış, ölkəmiz Türk dövlətləri arasında iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslərlə çıxış etmişdir.

Müasir dövrdə dünya yeni geosiyasi düzənin formalaşması mərhələsini yaşayır. Regional münaqişələr, iqtisadi rəqabət, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər yeni əməkdaşlıq modellərinin yaranmasını zəruri edir. Belə bir şəraitdə Türk dünyasının malik olduğu böyük demoqrafik, iqtisadi, enerji, nəqliyyat-logistika və geostrateji potensialın vahid strateji baxış əsasında birləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan, Türkoloji Qurultayı yalnız tarixi hadisənin yubileyi kimi deyil, həm də Türk dünyasının gələcək inkişaf modelinin müəyyənləşdirildiyi mühüm intellektual platforma kimi qiymətləndirmək lazımdır. Belə elmi forumlar ortaq tarixi yaddaşın daha dərindən araşdırılmasına, dil və mədəni irsin qorunmasına, vahid strateji yanaşmaların formalaşdırılmasına, eləcə də gələcək fəaliyyət istiqamətlərini müəyyən edən konseptual yol xəritəsinin hazırlanmasına mühüm töhfə verir.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının institusional imkanlarının daha da genişləndirilməsi, qərarların icra mexanizmlərinin təkmilləşdirilməsi, üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsi və elm, təhsil, innovasiya, rəqəmsal texnologiyalar, iqtisadiyyat, nəqliyyat, enerji və təhlükəsizlik sahələrində birgə layihələrin artırılması qarşıdakı dövrün əsas prioritetlərindəndir.

Yeni qlobal nizam tam formalaşmamışdan əvvəl Türk dünyasının vahid siyasi iradə nümayiş etdirməsi, ortaq maraqlar ətrafında daha sıx birləşməsi və mövcud üstünlüklərini koordinasiya olunmuş şəkildə həyata keçirməsi mühüm strateji zərurətə çevrilmişdir. Bu istiqamətdə keçirilən beynəlxalq forumlar, elmi platformalar və ortaq təşəbbüslər Türk dünyasının beynəlxalq münasibətlər sistemində vahid mövqedən çıxış etməsinə, qlobal nüfuzunun daha da möhkəmlənməsinə və dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.

Şübhəsiz ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" yalnız tarixi irsə ehtiramın ifadəsi deyil, həm də Türk dünyasının ortaq gələcəyinin müəyyənləşdirilməsi istiqamətində mühüm strateji platformadır. Bu tədbirlər ortaq tarixə və mədəni irsə söykənən həmrəyliyin daha da möhkəmlənməsinə, yeni elmi yanaşmaların formalaşmasına, qarşılıqlı etimadın dərinləşməsinə və Türk dünyasının beynəlxalq münasibətlər sistemində vahid və nüfuzlu güc mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri