30 iyun 2026 17:18
101

Reklam infrastrukturu şəhər mühitinin estetik simasının mühüm tərkib hissəsidir

ADRA: Reklam daşıyıcılarının yerləşdirilməsi şəhərin memarlıq görünüşü və vizual harmoniyası nəzərə alınmaqla həyata keçirilir

Müasir şəhərlərin inkişafında memarlıq və şəhərsalma ilə yanaşı, reklam infrastrukturunun düzgün təşkili də mühüm rol oynayır. Açıq məkanda reklam daşıyıcılarının şəhər mühitinə uyğun yerləşdirilməsi, vizual harmoniyanın qorunması, tarixi-mədəni irsə həssas yanaşmanın təmin olunması və ictimai məkanların estetik görünüşünün formalaşdırılması bu sahədə əsas prioritetlərdəndir. Reklam mühitinin müasir tələblərə uyğun təşkili həm şəhərlərin funksionallığını artırır, həm də onların müasir və səliqəli simasının formalaşmasına töhfə verir.

Mövzu ilə bağlı “İki sahil” qəzetinin suallarını cavablandıran Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, müasir şəhər mühitində reklam infrastrukturu yalnız kommersiya informasiya daşıyıcısı deyil, həm də şəhərin vizual məkanının ayrılmaz tərkib hissəsi hesab olunur.

Onun sözlərinə görə, reklam qurğularının yerləşdirilməsi zamanı onların şəhərin memarlıq görünüşünə, küçə panoramına və ictimai məkanların estetik dəyərinə təsiri nəzərə alınır. H.Azəri qeyd edib ki, ADRA tərəfindən həyata keçirilən tədbirlər reklam daşıyıcılarının şəhər mühitinə inteqrasiyasını, vizual nizam-intizamın təmin edilməsini və estetik baxımdan daha keyfiyyətli reklam mühitinin formalaşdırılmasını hədəfləyir.

Yaqut Ağaşahqızı, “İki sahil”