30 iyun 2026 18:22
78

Reklam daşıyıcılarının yerləşdirilməsi şəhərsalma prinsiplərinə uyğun planlaşdırılır

ADRA: Yeni layihələrdə əvvəlcədən planlaşdırma, mövcud şəhər mühitində isə inteqrasiya yanaşması tətbiq edilir

Müasir şəhərsalma siyasətində reklam infrastrukturunun şəhər məkanına düzgün inteqrasiyası urbanistik inkişafın mühüm tərkib hissələrindən biri hesab olunur. Reklam daşıyıcılarının yerləşdirilməsi zamanı həm şəhərin memarlıq xüsusiyyətləri, həm də nəqliyyat və piyada hərəkətinin təhlükəsizliyi nəzərə alınaraq vahid planlaşdırma prinsiplərinə üstünlük verilir.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, bu sahədə hər iki yanaşma tətbiq olunur. Onun sözlərinə görə, yeni salınan ərazilərdə və iri şəhərsalma layihələrində reklam qurğularının yerləşdirilməsi şəhərsalma sənədləri, yol infrastrukturu və ictimai məkanların təşkili ilə uzlaşdırılaraq əvvəlcədən planlaşdırılır.

H.Azəri qeyd edib ki, mövcud urban mühitdə isə reklam qurğularının yerləşdirilməsi ərazinin memarlıq xüsusiyyətləri, nəqliyyat hərəkətinin təhlükəsizliyi, piyada axınları və ətraf mühitin vizual yükü nəzərə alınmaqla həyata keçirilir. O vurğulayıb ki, bu zaman açıq məkanda reklamın yerləşdirilməsinə dair normativ tələblər əsas götürülür.

Yaqut Ağaşahqızı, “İki sahil”