Ekspert: Mobil telefonlardan dərs zamanı istifadənin məhdudlaşdırılması şagirdlərin diqqətini dərsə yönəltməklə tədrisin keyfiyyətini artıracaq
Məktəblərdə mobil telefon və digər elektron cihazlardan istifadə uzun illərdir təhsil mühitində ən çox müzakirə olunan məsələlərdən biri idi. Rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi şagirdlərin tədris prosesində diqqətinin yayınması, dərs intizamının pozulması, sosial şəbəkələrdən və oyunlardan həddindən artıq istifadə kimi problemləri də gündəmə gətirib. Bununla yanaşı, mobil cihazların təhsil məqsədilə düzgün və nəzarətli istifadəsinin əhəmiyyəti də müasir tədris prosesinin əsas tələblərindən biri hesab olunur.
Məhz bu amillər nəzərə alınaraq Elm və Təhsil Nazirliyinin Kollegiyası məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair yeni qaydaları təsdiqləyib. Yeni sənəd şagirdlərin dərs vaxtı mobil telefon, planşet, ağıllı saat, noutbuk və digər daşına bilən elektron qurğulardan istifadəsini qadağan etməklə yanaşı, onların məktəb daxilində hansı hallarda və hansı şərtlərlə istifadə oluna biləcəyini də dəqiq müəyyənləşdirir. Qaydalara əsasən, dərs müddətində bu cihazlar söndürülmüş və ya səssiz rejimdə məktəbin müəyyən etdiyi saxlama yerlərində saxlanılacaq, yalnız müəllimin icazəsi və nəzarəti altında tədris məqsədləri üçün istifadə edilə biləcək. Fövqəladə və ya sağlamlıqla bağlı zəruri hallarda isə mobil cihazlardan informasiya mübadiləsi məqsədilə istifadə olunmasına imkan veriləcək.
Qərarın əsas məqsədi məktəblərdə tədris mühitini daha səmərəli təşkil etmək, şagirdlərin diqqətini dərs prosesinə yönəltmək, rəqəmsal texnologiyaların yaratdığı riskləri minimuma endirməklə yanaşı, onların təhsil prosesində faydalı alət kimi istifadəsini də təmin etməkdir. Eyni zamanda, qaydaların pozulması zamanı cəzalandırıcı yanaşmadan daha çox profilaktik tədbirlərə üstünlük verilməsi, valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi və şagirdlərlə maarifləndirici işlərin aparılması nəzərdə tutulur. Bu dəyişikliklər məktəblərdə rəqəmsal intizamın formalaşdırılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir və yeni tədris mühitinin tələblərinə uyğun balanslı yanaşmanı əks etdirir.
Texnologiya qadağan edilmir, istifadəsi düzgün çərçivəyə salınır

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, burada əsas məqam "texnologiyanı qadağan etmək" deyil, onun məktəb mühitində məqsədyönlü və nəzarətli istifadəsini təmin etməkdir: “Son illərdə müşahidə edirik ki, mobil telefonlar və digər elektron cihazlar şagirdlərin diqqətinin yayınmasına, dərs prosesində iştirak səviyyəsinin azalmasına, eləcə də sosial şəbəkələr və oyunlar səbəbindən vaxtın səmərəsiz istifadəsinə gətirib çıxarır. Bu baxımdan dərs müddətində cihazlardan istifadənin məhdudlaşdırılması müəllimin tədris prosesini daha effektiv idarə etməsinə, şagirdlərin isə diqqətini dərsə cəmləməsinə kömək edəcək. Eyni zamanda, bu qərarın yalnız intizam baxımından deyil, uşaqların rəqəmsal təhlükələrdən qorunması baxımından da əhəmiyyəti böyükdür. Xüsusilə məktəb yaşlı uşaqların zərərli məzmun, kibertəhdidlər və sosial şəbəkələrin yaratdığı psixoloji təsirlərdən qorunması dövlətin prioritet istiqamətlərindən biridir. Bu mənada qərarın Azərbaycan Respublikası Prezidentinin rəqəmsal mühitdə uşaqların qorunmasına dair tapşırıqlarının icrası çərçivəsində qəbul edilməsi də təsadüfi deyil”.
Rəqəmsal mədəniyyət məktəb, müəllim və valideyn əməkdaşlığı ilə formalaşır

Pərvanə Qədimova qeyd etdi ki, qaydalarda vacib bir balans qorunub: “Texnologiya tamamilə tədrisdən çıxarılmır. Müəllimin nəzarəti altında və tədris məqsədi ilə mobil və elektron cihazlardan istifadə mümkündür. Müasir təhsil rəqəmsal bacarıqların inkişafını tələb edir və bu baxımdan texnologiya düzgün zamanda, düzgün məqsədlə istifadə olunmalıdır. Düşünürəm ki, bu qaydaların uzunmüddətli təsiri yalnız qadağanın tətbiqindən deyil, onun necə icra olunacağından asılı olacaq. Məktəb, müəllim və valideyn eyni mövqedən çıxış etdikdə şagirdlərdə rəqəmsal mədəniyyət, məsuliyyətli texnologiya istifadəsi və özünənəzarət kimi bacarıqlar formalaşacaq. Qaydalarda maarifləndirmə tədbirlərinin, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mövzularının da yer alması məhz buna xidmət edir”.
Yeni qaydalar təhlükəsiz və səmərəli təhsil mühitinə xidmət edir
Təhsil eksperti diqqətə çatdırdı ki, bu qərar təhsildə texnologiyaya qarşı deyil, onun daha təhlükəsiz, daha səmərəli və pedaqoji məqsədlərə uyğun istifadəsinə yönəlmiş bir yanaşmadır. Düzgün tətbiq olunduğu təqdirdə, onun həm tədrisin keyfiyyətinin yüksəlməsinə, həm şagird intizamının möhkəmlənməsinə, həm də məktəblərdə daha sağlam və təhlükəsiz təhsil mühitinin formalaşmasına mühüm töhfə verəcəyinə inanıram.
Nigar Orucova, "İki sahil"