02 iyul 2026 23:37
98

Narkomaniyaya qarşı mübarizədə media vacib faktordur

26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan etmişdir.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problemin vurduğu zərərin həcmi çox böyük olmaqla həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də onun müxtəlif cinayətlər törətməsinə, həmçinin cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə və bir çox mənfi hallara gətirib çıxarır. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Azərbaycanda narkomanlıq ilə mübarizə ümummilli lider Heydər Əliyevin daimi diqqət və nəzarətində olub. 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib.

Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur. Bu günə qədər sözügedən sosial bəlanın aradan qaldırılması məqsədilə üç Dövlət Proqramı icra olunub, 2019-cu ildən etibarən isə dördüncü Dövlət Proqramı həyata keçirilir.

Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilib. Ölkəmizdə narkomaniya və narkobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafizə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizə aparılır.

2026-cı ilin yanvar-may ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3766 cinayət faktı aşkarlanmışdır. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 263,1 kq 533,1 qram narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 664 kq 289,559 qramını marixuana, 212 kq 587,146 qramını heroin, 88 kq 128,798 qramını tiryək, 214 kq 243,147 qramını həşiş, 7 kq 937,74 qramını digər narkotik vasitələr və 76 kq 346,71 qramını psixotrop maddələr təşkil etmişdir. Bunlarla yanaşı 4486 ədəd həbmetadon, 3660 ədəd çətənə bitkisi və 29 həb psixotrop maddə aşkar edilərək götürülüb.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 263,1 kq 169,4 qramnarkotik vasitələrin və psixotrop maddələrinümumilikdə dəyəri 111 milyon 793 min AZN kimi qiymətləndirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü iş aparır. Bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilir, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilir.

Narkomaniya ilə mübarizədə ən effektiv yollardan biri, bəlkə də birincisi şübhəsiz ki, maarifləndirmədir. Nəzərə alsaq ki, qloballaşan dünyada media şəxsiyyətin formalaşmasında müstəsna rola malikdir, deməli insanın şəxsiyyətindəki müəyyən boşluqlarla birbaşa bağlı olan narkotik maddə asılılığına qarşı mübarizədə mediadan istifadə şəxslərə maariflənməni əlçatan etmək üçün ən optimal metod olaraq qalır. Məhz media ictimaiyyəti narkotik vasitələrin yaratdığı faciələr barədə məlumatlandırır və onun qarşısının alınmasında maarifləndirici rol oynayır. Narkomanlığa qarşı mübarizə çərçivəsində təbliğat işinin aparılmasında medianın  imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən araşdırma yazıların və məqalələrin dərcinin davamlılığının təmin edilməsi atılan mühüm addımlardandır. Aidiyyəti dövlət qurumları tərəfindən effektiv və təsirli sosial videoçarxların hazırlanması və mediada geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən müəllif yazılarının və video materialların hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə xüsusi verilişlərin təşkil olunması da bu qəbildən sistemli surətdə həyata keçirilməlidir və keçirilir. 2026-cı ilin yanvar-may ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 110 tədbir (70 maarifləndirici və təşkilati tədbir, 40 maarifləndirici sosial aksiya) təşkil edilib.

Media subyektləri tərəfindən həyata keçirilmiş tədbirlərin monitorinqinə dair 2026-cı ilin  yanvar-mart aylarına olan məlumatlara əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılması istiqamətində İşçi Qrupu və digər aidiyyəti dövlət qurumları tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 3694 dəfə yayımlanması, televiziya kanallarında ekspertlərin iştirakı ilə 28 xüsusi verilişin təşkil edilməsi, ümumölkə və regional yerüstü radio yayımlarında isə 5465 dəfə yayımlanması, habelə narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin edilib.

Bununla yanaşı, narkomanlığa qarşı mübarizə mövzusunda bu ilin ilk rübündə veb-saytlarda 5 mindən çox material dərc edilmişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi