08 iyul 2026 21:21
88

Mark Rutte: NATO bu gün əvvəlkindən daha güclüdür

Bir il əvvəl Haaqada keçirilən NATO Sammitində götürülən öhdəliklər artıq həyata keçirilir. Şimali Atlantika Alyansı əvvəlkindən daha güclüdür. Müttəfiqlər arasında münasibətlər güclüdür. Mən həmişə bilirdim ki, ABŞ Prezidenti Donald Tramp NATO ideyalarına sadiqdir.

“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO Sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, NATO ölkələri öz potensialını davamlı olaraq təkmilləşdirir. “Əsas müdafiə xərcləri və təhlükəsizliyin gücləndirilməsinə qoyulan investisiyalar artmaqda davam edir. Müttəfiqlər 2035-ci ilə qədər ÜDM-in 5 faizini müdafiəyə xərcləmək məqsədinə doğru əhəmiyyətli irəliləyiş əldə ediblər. Bu gün 17 min müdafiə layihəsi haqqında danışırıq”, - deyə o bildirib.

NATO-nun Baş katibi bildirib ki, müttəfiqlər “NATO Dron Edge” təşəbbüsünə start veriblər, onun çərçivəsində növbəti beş il ərzində pilotsuz sistemlərə 40 milyard dollar sərmayə qoyulacaq. Yanacaq təchizatı zəncirlərini gücləndirmək üçün NATO infrastrukturuna daha 27 milyard avro sərmayə qoyulacaq.

Rutte süni intellekt kimi texnoloji sahələrdə də yeni addımların atıldığını qeyd edib.

Ukraynaya dəstəyin davam edəcəyini vurğulayan Rutte bildirib ki, müttəfiqlər bu il və gələn il Kiyevə hərbi texnika, yardım və dəstəyə ən azı 70 milyard avro ayırmağa öhdələrinə götürüblər.

Lakin NATO-nun Baş katibi Türkiyənin F-35 beşinci nəsil təyyarələrinin inkişaf proqramına yenidən daxil edilməsi ehtimalı ilə bağlı şərh verməkdən imtina edib. “Bu, ABŞ və Türkiyə münasibətlərinə aid məsələdir”, - deyə o izah edib.