10 iyul 2026 21:33
98

"Middle East Eye": Türkiyə S-400 sistemlərini BƏƏ-yə satmağı planlaşdırır

Moskva Türkiyənin Rusiyaya məxsus S-400 zenit-raket sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) mümkün satışını müsbət qiymətləndirir, lakin bu məsələ üzrə danışıqlar hələ başa çatmayıb.

“İki sahil” "Middle East Eye" nəşrinə istinadən xəbər verir ki, bu barədə nəşrə müzakirələrin gedişatı ilə tanış olan bir neçə mənbə bildirib.

Türkiyə Rusiyanın S-400 sistemlərini 2019-cu ildə alıb. Bu sövdələşmə Ankaranın beşinci nəsil F-35 qırıcılarının istehsalı və tədarükü proqramından kənarlaşdırılmasına, eləcə də ABŞ tərəfindən Türkiyənin müdafiə sənayesinə qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olub.

Kreml sistemlərin üçüncü ölkəyə mümkün satışı ilə əlaqədar Türkiyə ilə aparılan məsləhətləşmələr barədə xəbərləri təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məsələni son dərəcə həssas adlandırıb və müzakirələrin davam etdiriləcəyini bildirib.

"Türkiyənin sistemləri üçüncü ölkəyə satmaq ideyasına Moskvanın cavabı belə oldu: niyə də olmasın? Üzərində işlənilməsi lazım olan bəzi detallar var, yekun qərarı isə Rusiya Prezidenti Vladimir Putin verməlidir", - Rusiya mənbəsi bildirib.

Türkiyə mənbələri qeyd ediblər ki, BƏƏ artıq Rusiyanın bəzi hava hücumundan müdafiə sistemlərini, o cümlədən "Pantsir" komplekslərini istismar edir.