12 iyul 2026 13:19
108

Körfəz ölkələri raket və PUA hücumlarına məruz qalıb

Bu gün səhər Bəhreyn, Qətər, BƏƏ və Küveyt raket və PUA hücumlarına məruz qalıb.

“İki sahil” “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, İran bəzi hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Adı çəkilən ölkələrin hərbi və təhlükəsizlik qurumları raketlərin zərərsizləşdirildiyini və vəziyyətin nəzarət altında olduğunu açıqlayıblar.

Qətərin Müdafiə Nazirliyinin bəyanatına görə, ölkə ərazisini hədəf alan bir neçə ballistik raket Silahlı Qüvvələr tərəfindən uğurla dəf edilib. 3 nəfərin yaralandığı bildirilib.

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi isə hava hücumundan müdafiə sistemlərinin ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumların qarşısını aldığını açıqlayıb.

İordaniya Silahlı Qüvvələri İran ərazisindən atıldığı bildirilən üç raketin ölkə ərazisinə düşdüyünü bildirib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı isə bazar günü ölkənin hava məkanına daxil olan düşmən hava hədəflərinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Omanın Müsəndəm vilayətinin bəzi məntəqələrinə də PUA hücumları həyata keçirildiyi bildirilib.