Ticarət gəmilərinə davam edən hücumlar fonunda Hörmüz boğazında dəniz təhlükəsizliyi təhdidi səviyyəsi yüksək olaraq qalır.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
İdarədən bildirilib ki, İranın Hörmüz boğazının bağlanması barədə 12 iyul tarixli bəyanatına baxmayaraq, cənub marşrutu açıq qalır və hazırda ikitərəfli hərəkəti təmin etmək məqsədilə genişləndirilib.
Yeri gəlmişkən, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) boğazı "xarici müdaxilə" və Tehranla əlaqələndirilməyən bir gəmiçilik marşrutu yaratmaq cəhdləri səbəbindən bağladığını bildirib. Qeyd olunub ki, bu yaxınlarda bir neçə ticarət gəmisi İran tərəfindən təsdiq edilmiş dəhlizdən kənarda boğazı keçməyə cəhd göstərib.
SEPAH komandanlığı xəbərdarlıq edib ki, ABŞ Hörmüz boğazı ilə bağlı məsələlərə müdaxilə etmək cəhdlərini dayandırana qədər gəmilərin keçməsinə icazə verməyəcək.