İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin İslam Respublikasına qarşı təkrarlanan hücumlarını, Hörmüz boğazında rejimin pozulmasını, habelə İsrailin Livana hava zərbələrini pisləyib və gərginliyin artmasının təhlükəli nəticələrinə görə məsuliyyəti Ağ Evin üzərinə qoyub.
“İki sahil” xəbər verir ki, Əraqçi bunu BMT Baş katibinin Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi Jan Arno ilə görüşdə deyib.
O, BMT-nin bu mövzuda qəti mövqe tutmasının zəruriliyini vurğulayıb.
Həmçinin bildirib ki, İran Livanın ərazi bütövlüyü və milli suverenliyinə hərtərəfli dəstək verməyə davam edəcək.
J. Arno Livandakı vəziyyəti, regionda atəşkəsin sabitləşdirilməsi və müharibənin dayandırılması üçün BMT tərəfindən göstərilən səyləri xatırladıb: "Ümid edirik ki, İran və ABŞ arasında müharibənin dayandırılması haqqında qarşılıqlı anlaşma memorandumunun həyata keçirilməsi və region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi ilə biz regionda, xüsusən də Livanda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasının şahidi ola biləcəyik".