13 iyul 2026 10:28
218

Kamran Bayramov: Şuşa qlobal media gündəmini müəyyən edən strateji platformaya çevrilir

“Qlobal informasiya mühitinin sürətlə transformasiyaya uğradığı, dezinformasiya müharibələrinin regional və qlobal sabitliyə birbaşa təhdid yaratdığı bir dövrdə Azərbaycan növbəti dəfə mühüm beynəlxalq müzakirə mərkəzinə çevrilir. Bu gündən ölkəmizin mədəniyyət paytaxtı Şuşada işə başlayan IV Şuşa Qlobal Media Forumu həm müzakirə olunan mövzuların aktuallığı, həm də iştirakçı coğrafiyasının genişliyi ilə qlobal media gündəmini müəyyən edən strateji platforma statusunu daha da möhkəmləndirir.
Builki forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu ilə təşkil olunması təsadüfi deyil. Dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsini, beynəlxalq ekspertləri və rəsmi şəxsləri bir araya gətirən bu tədbir həm Azərbaycanın yumşaq gücünün nümayişi, həm də beynəlxalq jurnalistikanın gələcək arxitekturasının formalaşması baxımından dərin analitik təhlil tələb edir.”

Bu fikirləri “İkisahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Şuşa Media Forumunun ən böyük rəmzi və praktiki əhəmiyyəti onun keçirildiyi məkandır. Otuz illik işğaldan azad edilmiş, bu gün isə genişmiqyaslı yenidənqurma və sülh quruculuğu prosesinin mərkəzi olan Qarabağ və Şuşa şəhəri, dünyaya sülh mesajlarının ötürülməsi üçün ən obyektiv platforma kimi qəbul olunur. Bu bir həqiqətdir ki, müasir dövrdə medianın rolu sadəcə xəbər istehsal etməkdən ibarət deyil; media sülhün təşviqində, cəmiyyətlər arasında sarsılmış etimadın yenidən qurulmasında katalizator rolunu oynamalıdır. Azərbaycanın post-münaqişə reallıqlarının, regionda dayanıqlı sülhün təmin olunması istiqamətində atılan addımların dünya mediasının aparıcı simaları tərəfindən yerindəcə müşahidə edilməsi, uzun illər ölkəmizə qarşı aparılan qərəzli informasiya kampaniyalarına qarşı ən effektiv cavabdır.

Deputat diqqətə çatdırıb ki, müasir medianın ən böyük böhranlarından biri həqiqət ilə yalan arasındakı sərhədlərin ifrat dərəcədə şəffaflaşmasıdır. Rəqəmsal platformalarda saxta xəbərlərin sürətlə yayılması təkcə fərdlərin manipulyasiyasına deyil, həm də dövlətlərin milli təhlükəsizliyinə birbaşa təhdid yaradır. Şuşa Qlobal Media Forumunun əsas fokus nöqtələrindən biri isə məhz beynəlxalq dezinformasiyaya qarşı qlobal əməkdaşlıq mexanizmlərinin qurulmasıdır. Heç bir şübhə yoxdur ki, dünyanın 30-a yaxın beynəlxalq xəbər agentliyinin və 60-dan çox aparıcı media qurumunun Şuşada bir araya gəlməsi sərhədlərarası media dialoqunun gücləndirilməsinə, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması üçün ortaq standartların müəyyənləşdirilməsinə, qlobal informasiya manipulyasiyalarına qarşı “rəqəmsal həmrəylik” modelinin formalaşdırılmasına zəmin yaradacaqır.

K.Bayramov həmçinin əlavə edib ki, informasiya texnologiyalarının inkişafı, xüsusilə süni intellekt sistemlərinin media sektoruna daxil olması jurnalistikanın fundamental prinsiplərini yenidən formalaşdırır. Keçmiş forumların davamı olaraq, builki Şuşa Forumunda da süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika məsələləri ön plana çıxır. IV Şuşa Qlobal Media Forumu sadəcə iki günlük panel müzakirələrindən ibarət bir tədbir deyil. Bu forum, Azərbaycanın qlobal informasiya məkanında gündəmi diktə edən, qlobal çağırışlara intellektual və praktiki həllər təklif edən aktiv bir aktor olduğunu sübut edir. Şuşadan dünyaya yayılan “Həqiqətin bərpası” çağırışı, beynəlxalq medianın böhrandan çıxması və sülhün xidmətində dayanması üçün mühüm bir yol xəritəsidir.