Moskva ətrafındakı Noqinskdə neft bazası iyulun 18-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) zərbələrinə məruz qalıb.
“İki sahil” "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə OSINT-kanallar məlumat yayıb.
Bildirilib ki, Noqinskdə ərazisində ümumi həcmi 11,5 min kubmetr olan 24 rezervuarın yerləşdiyi IIIa sinifli neft bazası zərbəyə məruz qalıb. Eyni zamanda qeyd olunub ki, həmin ərazidə Noqinsk Yanacaq Aparatları Zavodu da yerləşir, dağıntılar barədə məlumat dəqiqləşdirilir.
Həmçinin qeyd edilir ki, bu gecə PUA-nın zərbələri Moskva vilayətinin eyni vaxtda bir neçə rayonunda qeydə alınıb. Elektrostaldakı logistika anbarları da zərbəyə məruz qalıb. Orada "Wildberries" anbarlarının logistika tikililəri vurulub.
Tver və Vladimirdə partlayışlar barədə məlumat daxil olub.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, PUA hücumları nəticəsində 26 nəfər yaralanıb.
"Elektrostalda "Wildberries" anbarının ərazisinə PUA-nın düşməsi nəticəsində 24 nəfər yaralanıb. Xəsarət alanların bir qisminin vəziyyəti ağırdır", - Rusiya mediası məlumat yayıb.
Vorobyovun sözlərinə görə, daha iki nəfər, PUA-nın düşməsi səbəbindən neft bazasının ərazisində yanğın başlayan Noqinskdə yaralanıb.