19 iyul 2026 00:01
124

Uqandada avtobus qəzasında ölənlərin sayı 24-ə yüksəlib

Uqandada məktəb avtobusunun qəzasında ölənlərin sayı 24-ə çatıb

“İki sahil” xəbər verir ki, Uqandanın şərqində baş vermiş məktəb avtobusu qəzasında ağır yaralanan daha üç şagird həyatını itirib. Bununla da faciə nəticəsində ölənlərin sayı 23 uşaq və bir böyük olmaqla 24 nəfərə yüksəlib.

Polisin məlumatına görə, Kampala şəhərində yerləşən King David Junior School məktəbinin onlarla şagirdi və müəllimlərini daşıyan avtobus cümə axşamı axşam saatlarında Sipi Falls bölgəsinə ekskursiyadan qayıdarkən qəzaya uğrayıb.

İstintaqın ilkin nəticələrinə əsasən, avtobus Kapçorva rayonunun Çekvatit kəndi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb və iri daşa çırpılıb.

Həlak olanlardan altı nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. Qəzada ölən böyüklərdən birinin məktəbin təsisçisi və direktoru olduğu ehtimal edilir.

Onlarla uşaq müxtəlif xəstəxanalara çatdırılıb. Hazırda 23 yaralı Kapçorva Rayon Xəstəxanasında müalicə alır. Ekskursiyada iştirak edən digər üç nəqliyyat vasitəsi isə məktəbə təhlükəsiz şəkildə qayıdıb.

Uqandanın Təhsil və İdman Nazirliyi cümə günü məktəblərin təşkil etdiyi bütün ekskursiyaların ölkə üzrə müvəqqəti dayandırılması barədə göstəriş verib. Qərarın məqsədi məktəblilərin iştirakı ilə baş verən son yol-nəqliyyat hadisələrinin səbəblərinin hərtərəfli araşdırılmasıdır.