Problemli aktivlərin geri qaytarılmasında ən böyük maneə məhkəmə və icra prosesləridir.
“İki sahil” xəbər verir ki, bunum bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, problemli aktivlərin geri qaytarılması təkcə ləğvedici qismində Fondun deyil, ümumilikdə aktiv bankların da üzləşdiyi çətinliklərdəndir: "Lakin aktiv bankların ləğv prosesində olan banklarla müqayisədə daha geniş imkanları var. Onlar mövcud maliyyə resursları hesabına kreditləri restrukturizasiya edə, əlavə maliyyələşmə ayıra və biznes kreditlərinin geri qaytarılması istiqamətində daha çevik addımlar ata bilirlər. Bundan başqa, müştərilər aktiv banklarla yalnız kredit deyil, digər bank xidmətləri üzrə də əməkdaşlıq etdiklərinə görə öhdəliklərinə daha məsuliyyətlə yanaşırlar".
Onun fikrincə, təhlillər göstərir ki, ləğv prosesində olan banklarda problemlər əsasən iri həcmli biznes kreditlərində müşahidə olunur, istehlak kreditlərində isə vəziyyət nisbətən yaxşıdır: "Məsələn, "DəmirBank" 2017-ci ilin sonunda ləğv prosesinə başladıqdan sonra onun müştəri bazasının böyük hissəsini mikrokreditlər təşkil etdiyindən, həmin bank üzrə vəsaitlərin yığımı digər ləğv olunan banklarla müqayisədə daha yüksək olub. Biznes kreditlərinin geri qaytarılması isə daha mürəkkəb prosesdir. Çünki biznes müştəriləri banklardan yalnız kredit deyil, zəmanət məktubları, akkreditivlər, hesablaşma xidmətləri və digər bank məhsullarından da istifadə edirlər. Ləğv prosesi başladıqdan sonra isə fəaliyyətlərini davam etdirmək üçün başqa banklarla işləməyə başlayırlar. Nəticədə ləğv prosesində olan bank qarşısındakı öhdəliklər ikinci plana keçir və gecikmələr yaranır. Bu isə məhkəmə çəkişmələrinə səbəb olur. Bir çox hallarda kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş nöqsanlar məhkəmə proseslərini uzadır. Girov əmlaklarının qiymətləndirilməsi, borc məbləğinin hesablanması və ekspertizaların aparılması da əlavə vaxt tələb edir".
A.Əmirov qeyd edib ki, məhkəmə qərarından sonra başlayan icra mərhələsində də proses uzana bilir: "Borcalanlar icra məmurlarının hərəkətlərindən şikayət verdikdə icra prosedurları ləngiyir və vəsaitlərin geri qaytarılması daha da gecikir. Bütün bunlar göstərir ki, ləğv prosesində olan bankların problemli aktivlərinin idarə olunması və geri qaytarılması aktiv banklarla müqayisədə xeyli mürəkkəbdir".
Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar
Dunay çayında suyun səviyyəsi minimuma enib, onilliklər əvvəl batmış gəmilər üzə çıxıb
Misir və ABŞ Qəzzada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini sürətləndirmək istəyir