27 iyul 2026 01:01
95

Venesuelada hava limanında ildırım vurması nəticəsində doqquz nəfər xəsarət alıb

Venesuelanın Valensiya şəhərində yerləşən Arturo Miçelena adına beynəlxalq hava limanında ildırım vurması nəticəsində doqquz nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Venesuelanın Karabobo ştatının Muxtar Hava Limanları İnstitutu məlumat yayıb.

Rəsmi məlumata görə, tropik leysan zamanı ildırım hava limanının yaşıllıq ərazisinə düşüb. Nəticədə Bolivar Milli Qvardiyasının dörd əməkdaşı və hava limanında fəaliyyət göstərən xidmət şirkətlərinin beş işçisi müxtəlif xəsarətlər alıb.

Zərərçəkənlərə tibbi yardım göstərilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Hava limanında park edilmiş təyyarələrə isə heç bir ziyan dəyməyib.

Valensiyadakı beynəlxalq hava limanı hazırda xarici ölkələrlə hava əlaqələrinin təmin edilməsində fəal şəkildə istifadə olunur. Buna səbəb iyunun 24-də baş vermiş zəlzələ nəticəsində zərər görən Mayketiya şəhərindəki beynəlxalq hava limanının kommersiya reysləri üçün bağlanmasıdır.