30 iyul 2026 14:14
91

Lukaşenko pis işləyən kənd təsərrüfatı işçilərinin orduya göndərilməsini təklif edib

Belarus Prezidenti Aleksandr Lukaşenko kənd təsərrüfatında əmək intizamını pozan və zəif işləyən şəxslərin orduya göndərilməsi qərarına aydınlıq gətirib. O bildirib ki, bu tədbir cəza xarakteri daşımır və gənclərə başqa bir sahədə özlərini göstərmək imkanı yaratmaq məqsədi güdür.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bundan əvvəl Belarus lideri məhsul yığımı dövründə zəif işləyən və intizamı pozan işçilərin Ukrayna ilə sərhədin mühafizəsinə göndərilməsi barədə tapşırıq vermişdi. Keçən həftədən etibarən hərbi komissarlıqlar aqrar-sənaye kompleksi müəssisələrində yoxlamalara başlayaraq həmin tapşırığın icrasına start veriblər.

Brest vilayətinə səfəri zamanı məsələyə toxunan Lukaşenko qeyd edib: "Bu, kimisə qorxutmaq və ya ordu sıralarını doldurmaq üçün deyil. Əgər sən bu işdə işləmək istəmirsənsə, biz səni başqa - ordudakı normal kişi və qadın işində yoxlayacağıq. Orada ağcaqanadlar, milçəklər və digər çətinliklər var. Qoy gedib orada qulluq etsinlər. Bu, insanlara qarşı hansısa təhqir və ya əzab deyil. Biz sadəcə onlara özlərini başqa bir çətin işdə göstərmək imkanı yaradırıq".