Qəmər Adaları Maore Komitəsi Azərbaycan əleyhinə iş aparan fransalı deputatlara məktub ünvanlayıb.
“İki sahil” xəbər verir ki, sözügedən məktubda Maore Komitəsi fransalı deputatları Fransanın müstəmləkəçi tarixindən xəbərsiz olmaqda və Dənizaşırı ərazilərin yerli xalqlarına etinasız yanaşmaqda ittiham edib.
“Bu xalqlar azadlıq və öz müqəddəratını təyinetmə uğrunda uzun illər ərzində mübarizə aparıb, böyük itkilər və qurbanlar veriblər. Buna baxmayaraq, siz həmin əraziləri hələ də Fransanın toxunulmaz mülkiyyəti kimi təqdim edirsiniz. Bu baxımdan, tarixi yenidən şərh etməyə çalışarkən köləliyi, kütləvi deportasiyaları, yerli xalqların torpaqlarının mənimsənilməsini, qətlləri və “Fransanın suverenliyi” adı altında həyata keçirilmiş müstəmləkə hökmranlığının digər ağır nəticələrini unudursunuzmu?”, - deyə məktubda vurğulanıb
Deputatların yanaşmasının müstəmləkəçilik faktının, həmin ərazilərin işğal prosesinin və yerli xalqların iradəsinin zorakılıq yolu ilə məhdudlaşdırılmasının tamamilə inkar edilməsi kimi qeyd olunur.
“Şübhəsiz ki, bütün bu cinayətlər həmin xalqların tarixi və kollektiv yaddaşına dərindən həkk olunub. Buna görə də faktlar azadlığa, ədalətə və xalqların hüquqlarına hörmət edən bütün dövlətlər və xalqlar tərəfindən qətiyyətlə pislənilməli, onların nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl mübarizə aparılmalıdır”.
Məktubda qeyd olunur ki, “Fransanın Dənizaşırı əraziləri” adlandırılan hər bir ərazinin müstəmləkəçilik siyasəti nəticəsində işğal olunmasının konkret tarixi, siyasi konteksti mövcuddur. Bununla belə, həmin ərazilərin tarixini birləşdirən çoxsaylı ümumi cəhətlər var. Bunlara yerli xalqların siyasi iradəsinin nəzərə alınmaması, onların torpaq və resurslarının mənimsənilməsi, sosial və iqtisadi bərabərsizliyin dərinləşdirilməsi, eləcə də azadlıq hərəkatlarının zorakı vasitələrlə yatırılması daxildir.
Hazırda Fransa Afrika kontinentində itirməkdə olduğu ənənəvi təsir dairəsini, həmçinin “özünün” Dənizaşırı əraziləri adlandırdığı torpaqları yenidən tam nəzarət altına almaq məqsədilə aqressiv siyasət yürüdür. Bu siyasət həmin ərazilərdə yaşayan xalqların azad iradəsinə və öz müqəddəratını təyinetmə hüququna qarşı yönəlib.
Qəmər adalarında milli azadlıq uğrunda aparılan uzunmüddətli mübarizə 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumunun keçirilməsi ilə nəticələndi. Referendumun nəticələri Qəmər xalqının müstəqillik əldə etmək və milli suverenliyini bərpa etmək iradəsini birmənalı şəkildə ortaya qoydu.
Məktubda həmçinin qeyd olunur ki, Fransa Qəmər dövlətinin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etmir, Qəmər xalqının referendum yolu ilə ifadə olunmuş iradəsinə və beynəlxalq hüququn tələblərinə zidd olaraq Fransa Qəmər adalarına məxsus Mayot adasını qanunsuz şəkildə öz nəzarətində saxlayır. Sonradan Mayot Fransanın 101-ci departamentinə, daha sonra isə Avropa İttifaqının ən ucqar regionlarından birinə çevrilib.
Bununla yanaşı, Mayot heç vaxt Fransanın ümumi və bərabər inkişaf proqramlarının tamhüquqlu iştirakçısı olmayıb. Əksinə, adada xüsusi və istisna xarakterli qanunların tətbiqi, səhiyyə, mənzil təminatı, təhsil və təhlükəsizlik sahələrində minimum zəruri imkanların belə çatışmaması, sosial bərabərsizliyin dərinləşməsi və gənclər arasında zorakılığın yüksək səviyyədə olması Fransanın müstəmləkəçilik siyasətinin davam edən nəticələridir.
Deputatlara çağırış edilir ki, ağlasığmaz iddialar və həqiqətə uyğun olmayan hekayələr vasitəsilə tarixi yenidən yazmağa çalışmaq əvəzinə, ilk növbədə Fransanın öz müstəmləkə keçmişi və hazırkı siyasəti ilə üzləşməli, tarixi faktları olduğu kimi qəbul etməyi öyrənməlisiniz.
“Unutmaq olmaz ki, xalqların azadlıq, ləyaqət və öz müqəddəratını təyinetmə uğrunda mübarizəsinin qarşısını almaq mümkün deyil. Bu, Dənizaşırı ərazilərdə yaşayan və müstəmləkə hökmranlığının nəticələri ilə üzləşən xalqlara da tam şəkildə aiddir”, - deyə məktubda qeyd olunub.
Türkiyə-Azərbaycan Universitetinin stendi ali təhsil müəssisələrinin sərgisində təmsil olunub
BSU ali təhsil müəssisələrinin sərgisində abituriyentlərlə görüşlərini davam etdirir