Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi keçirilib.
“İki sahil” xəbər verir ki, Türkiyə-Azərbaycan Universitetinin (TAU) nümayəndələri sərgidə iştirak ediblər.
TAU təmsilçiləri 3 gün ərzində ixtisaslarla bağlı abituriyentləri maraqlandıran sualları cavablandırıblar. Sərgi zamanı bir saatlıq infosessiya da təşkil olunub. İnfosessiya zamanı TAU haqqında geniş təqdimat nümayiş olunub.
İnfosessiya çərçivəsində TAU-nun Qida mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, Sənaye mühəndisliyi proqramının rəhbəri dos. Ömer Faruk Beyca universitetdəki təhsilin birbaşa Sənaye 4.0 dövrünün tələbələrinə cavab verdiyini və məzunların iki diplomla həm yerli, həm regional, həm də beynəlxalq əmək bazarında özünə asanlıqla iş tapa biləcəyini xüsusi vurğulayıblar.
TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan bildirib ki, tədris ingilis dilində olduğu üçün ixtisasları mənimsəmək vacibdir və tələbələrin dil bilikləri yoxlanılmalıdır. O, ODTÜ-nün yüksək səviyyəli İngilis dili proqramı haqqında abituriyentlərə ətraflı məlumat verib.
TAU-nun tələbələri abituriyentlərə tədris prosesi, praktiki laboratoriya dərsləri, İngilis dili proqramı, universitetdəki mühit və sosial fəaliyyətlər barədə öz təəssüratlarını bölüşüblər. İnfosessiya zamanı abituriyentlər və valideynlərin sualları cavablandırılıb.
Sərginin sonuncu günündə DİM sədri TAU-nun stendini ziyarət edib.