01 avqust 2026 14:50
113

Ukrayna xarici işlər naziri Kiyevə hücumdan sonra müttəfiqlərə təcili müraciət ünvanlayıb

Rusiyanın Kiyevə son kütləvi hücumundan sonra Ukrayna beynəlxalq müttəfiqlərini hava hücumundan müdafiəni gücləndirmək üçün təcili hərəkətə keçməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “X” sosial media platformasında paylaşımında bildirilib.

Xarici işlər naziri qeyd edib ki, Rusiya tərəfi hücum zamanı təxminən 30-a yaxın ballistik raket atıb. O əlavə edib: “Bu, cəmi iki gün ərzində ikinci belə genişmiqyaslı hücumdur”.

Nazir müttəfiqləri Ukraynaya əlavə hava və raketdən müdafiə sistemlərinin, eləcə də tutucu raketlərin tədarükünü sürətləndirməyə çağırıb.

“Qərar qəbuletmə və çatdırılma sürəti çox vacibdir. Ukrayna səmasının müdafiəsini gücləndirən hər bir qərar həyatları xilas edir, hər gecikmə isə ölümlərə və müharibə cinayətlərinə səbəb olur”, -deyə Sibiqa qeyd edib.

Xatırladaq ki, 1 avqust gecəsi Kiyevə edilən ballistik raket hücumu nəticəsində doqquz nəfər həlak olub, dördü uşaq olmaqla 28 sakin yaralanıb.