Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçirilir.
“İki sahil” xəbər verir ki, “Kürü keçək?!” son illərdə Azərbaycanda açıq suda üzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil olunur. 2022-ci ildən keçirilən tədbirə maraq getdikcə artaraq bu il rekord həddə çatıb. Belə ki, 5-ci dəfə təşkil edilən suda üzmə yarışında iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Ən gənc iştirakçı 12, ən yaşlı iştirakçı isə 79 yaşındadır. Belə ki, yarış kişilər və qadınlar arasında 12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı olmaqla, 6 yaş kateqoriyası üzrə keçirilir.
Bu il ilk dəfə olaraq "Kürü keçək?!" 350 metr və 1000 metr olmaqla, iki məsafə üzrə təşkil olunub. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparır. Hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.