Latviya Sərhəd Mühafizəsi xidmətinin əməkdaşları Belarus ərazisindən qazılmış tunel aşkar ediblər. Bu tunel vasitəsilə bir qrup qanunsuz miqrant baltikyanı respublikanın ərazisinə daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinə istinadla "Delfi" xəbər portalı məlumat yayıb.
Məlumatda Daxili İşlər Naziri Yanis Dombravanın bu sözləri sitat gətirilir: "Sərhəd zonasında geyimləri palçığa batmış bir qrup qanunsuz miqrant saxlanılıb. Sərhəd pozuntusunun təfərrüatları araşdırılarkən yeraltı tunel aşkar edilib".
Latviyada dövlət sərhədindən tunel vasitəsilə keçid ilk dəfə qeydə alınıb. Baltik ölkələri sərhəddə tikanlı məftillərdən ibarət mühəndis qurğusu olan fiziki çəpər tikdikdən sonra Asiya və Afrika ölkələrindən gələn, Belarusdan Latviya və Litva vasitəsilə daha qərbə keçməyə çalışan qanunsuz miqrantlar bu yeni üsuldan istifadə etməyə başlayıblar. Litvada 2026-cı ilin may ayından bəri 10-a yaxın bu cür tunel aşkar olunub.