25 avqust 2026 23:42
96

Laçın işğaldan azadlığın, dirçəlişin və yeni həyatın simvolu

26 Avqust-Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında yalnız tarixi bir şəhərin azadlığı ilə bağlı əlamətdar tarix deyil. Bu gün həm də işğalın ağır nəticələrinin aradan qaldırılmasını, tarixi ədalətin bərpasını, Böyük Qayıdışın gerçəkləşməsini və Qarabağın yeni inkişaf mərhələsinin konkret nəticələrini özündə birləşdirən mühüm dövlətçilik hadisəsidir. Laçın bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin, dövlət iradəsinin və postmüharibə quruculuq siyasətinin ən aydın nümunələrindən biri kimi diqqət çəkir. Laçının tarixi Azərbaycan dövlətçiliyi və milli yaddaşı baxımından xüsusi əhəmiyyət daşıyır. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə Laçın rayonunun inzibati ərazi vahidi kimi yaradılması bu ərazinin tarixi və inzibati inkişafının mühüm mərhələləridir. 1835 kvadratkilometr əraziyə malik rayon zəngin təbii sərvətləri, geniş yaylaqları, meşələri, çayları və strateji coğrafi mövqeyi ilə seçilir. Laçının Ermənistanla sərhəddə yerləşməsi və Qarabağla Ermənistan arasında coğrafi bağlantı baxımından mühüm mövqeyə malik olması onun hər zaman xüsusi strateji əhəmiyyət daşımasına səbəb olub. Məhz bu strateji mövqe Laçının işğalını Azərbaycan üçün xüsusilə ağır nəticələr doğuran hadisəyə çevirdi. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu etnik təmizləmə siyasətinə məruz qaldı. Rayonun yaşayış məntəqələri dağıdıldı, əhali öz doğma yurdlarından didərgin salındı, yüzlərlə insan həlak oldu və itkin düşdü. Mədəniyyət, təhsil, səhiyyə, rabitə və digər sosial-iqtisadi infrastruktura qarşı həyata keçirilən dağıntılar yalnız ayrı-ayrı binaların məhv edilməsi deyil, bütövlükdə Azərbaycanın tarixi-mədəni irsinə qarşı məqsədyönlü vandalizm siyasəti idi. Laçının işğalı eyni zamanda həmin dövrdə Azərbaycanda mövcud olan siyasi böhranın, dövlət idarəçiliyindəki zəifliyin və milli maraqların daxili siyasi mübarizəyə qurban verilməsinin ağır nəticələrindən biri kimi qiymətləndirilməlidir. Şuşanın və Laçının itirilməsi Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına şərait yaratdı və Azərbaycanın sonrakı hərbi-strateji itkilərinin miqyasını daha da genişləndirdi. Bu baxımdan Laçının işğalı təkcə bir rayonun itirilməsi deyil, Azərbaycanın regional təhlükəsizliyinə və ərazi bütövlüyünə ciddi zərbə idi. İşğal illərində Ermənistan tərəfindən Laçında beynəlxalq hüququn fundamental prinsiplərinə zidd addımlar atıldı. Rayonun toponimlərinin dəyişdirilməsi, təbii sərvətlərinin qanunsuz istismarı, yaşayış məntəqələrinin dağıdılması və məqsədyönlü məskunlaşdırma siyasəti işğal siyasətinin sistemli xarakter daşıdığını göstərirdi. Bu siyasət ərazinin demoqrafik və mədəni simasını dəyişdirməyə, Azərbaycan izlərini silməyə və işğalı faktiki vəziyyət kimi təqdim etməyə hesablanmışdı. Lakin Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan güclü iqtisadi, siyasi və hərbi potensial formalaşdırdı. 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Zəfər isə regionda yeni reallıqlar yaratdı. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, Laçında üç onillik işğala son qoyuldu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən dövlət kimi yeni mərhələyə qədəm qoydu. 26 Avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin təsis edilməsi tarixi yaddaşın qorunması və Zəfər salnaməsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm siyasi-mənəvi əhəmiyyət daşıyır. Laçının azadlığı Azərbaycan Ordusunun qəhrəmanlığının da parlaq səhifələrindən biridir. Laçının azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirən 8418 hərbi qulluqçunun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi bu Zəfərin arxasında dayanan hərbi fədakarlığın miqyasını göstərir. Bu medal Laçının azadlığının tarixində qəhrəmanlıq nümunəsi göstərmiş hərbçilərimizin xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsinin rəmzidir. Ancaq Laçının Azərbaycanın nəzarətinə qaytarılması yalnız hərbi nəticə ilə yekunlaşmadı. Əslində, azadlıqdan sonra Laçın üçün daha böyük və məsuliyyətli mərhələ – yenidənqurma və dirçəliş dövrü başladı. Bu gün Laçında müşahidə olunan genişmiqyaslı quruculuq işləri Azərbaycanın postmüharibə inkişaf strategiyasının mahiyyətini nümayiş etdirir. Prezident cənab İlham Əliyevin “Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikri Laçında həyata keçirilən layihələrin əsas fəlsəfəsini ifadə edir. Laçın şəhərinin müasir simasının formalaşdırılması zamanı yalnız binaların tikintisinə deyil, şəhərin bütövlükdə yeni urbanistik konsepsiya əsasında qurulmasına diqqət yetirilir. 2040-cı ilədək Laçının inkişafını nəzərdə tutan Baş Planın təsdiqlənməsi bu yanaşmanın uzunmüddətli xarakter daşıdığını göstərir. Laçının yeni inkişaf modelinin əsas xüsusiyyətlərindən biri yaşayış, sosial infrastruktur, iqtisadi fəaliyyət, turizm və ekoloji dayanıqlılığın vahid şəhərsalma konsepsiyasında birləşdirilməsidir. “15 dəqiqəlik şəhər” prinsipi əsasında qurulan yeni yaşayış məhəllələri sakinlərin gündəlik ehtiyaclarını rahat şəkildə təmin etməyə, şəhər daxilində əlçatanlığı və yaşayış keyfiyyətini yüksəltməyə hesablanıb. Məktəblərin, xəstəxananın, peşə təhsili müəssisəsinin, mədəniyyət və turizm obyektlərinin yaradılması Laçının yalnız yaşayış məkanı deyil, tamhüquqlu sosial-iqtisadi mərkəz kimi formalaşdırıldığını göstərir. Laçında enerji sektorunda görülən işlər isə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi siyasətinin mühüm hissəsidir. Rayonun hidroenerji potensialından səmərəli istifadə edilir, yeni su elektrik stansiyaları inşa olunur və istismara verilir. 2026-cı il iyulun 11-də “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının açılışı ilə Laçının enerji potensialının istifadəsində növbəti mühüm mərhələ təmin edildi. Hazırda Laçının 8-10 MVt-lıq elektrik tələbat gücü tamamilə yaşıl enerji hesabına qarşılanır, artıq istehsal olunan elektrik enerjisi isə ölkənin enerji sisteminə ötürülür. Bu, Laçının yalnız öz enerji ehtiyaclarını təmin edən rayon deyil, Azərbaycanın enerji təhlükəsizliyinə töhfə verən yaşıl enerji məkanı kimi formalaşdığını göstərir. 2040-cı il perspektivində elektrik tələbatının artacağı nəzərə alınsa da, mövcud və planlaşdırılan su elektrik stansiyaları hesabına rayonun uzunmüddətli enerji təminatının yaşıl mənbələr üzərindən qurulması strateji əhəmiyyət daşıyır. Laçının nəqliyyat imkanlarının genişləndirilməsi də onun regional əhəmiyyətini artırır. Kəlbəcər-Laçın avtomobil yolunun inşası, çoxsaylı tunel və körpülərin yaradılması rayonun digər ərazilərlə əlaqəsini daha da asanlaşdıracaq. Bu yol təkcə nəqliyyat layihəsi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun vahid iqtisadi, sosial və logistik məkan kimi formalaşmasına xidmət edən strateji infrastruktur layihəsidir. Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də istifadəyə verilməsi isə regionun nəqliyyat və beynəlxalq əlaqələr baxımından yeni mərhələyə daxil olmasının göstəricisidir. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı Azərbaycanın ən yüksəkdə yerləşən aeroportudur. Müasir uçuş-enmə zolağı və sərnişin terminalı Laçının gələcəkdə turizm, biznes və beynəlxalq tədbirlər baxımından daha əlçatan məkana çevrilməsinə imkan yaradır. Laçının bərpası yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Zabux, Sus və Bəylik kimi kəndlərdə həyata keçirilən layihələr Böyük Qayıdış siyasətinin real nəticələrini nümayiş etdirir. Müasir yaşayış evləri ilə yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri, klub-icma mərkəzləri, yollar, kommunal və digər sosial infrastrukturlar yaradılır. Yaşıl enerji texnologiyalarının kəndlərdə tətbiqi isə yeni yaşayış məkanlarının müasir və ekoloji prinsiplər əsasında qurulduğunu göstərir. Ən mühüm məsələ isə insanların öz doğma yurdlarına qayıtmasıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma şəhər və kəndlərinə qayıdışı başladı. 2026-cı ilin iyulunadək Laçın şəhərinə 614 ailənin, yəni 2264 nəfərin, Zabux kəndinə 217 ailənin, 823 nəfərin, Sus kəndinə 59 ailənin, 215 nəfərin, Bəylik kəndinə isə 89 ailənin, 363 nəfərin daimi məskunlaşmasının təmin edilməsi Böyük Qayıdışın artıq konkret sosial reallığa çevrildiyini göstərir. Bu prosesin siyasi əhəmiyyəti də böyükdür. Çünki Böyük Qayıdış yalnız insanların fiziki olaraq öz torpaqlarına dönməsi deyil, həmin ərazilərdə davamlı həyatın, iqtisadi fəaliyyətin, sosial münasibətlərin və yerli icmaların yenidən formalaşdırılmasıdır. Dövlət tərəfindən yaradılan yaşayış və məşğulluq imkanları Laçının gələcək inkişafının dayanıqlı əsaslarını təşkil edir. Laçında sənaye və aqrar potensialın inkişaf etdirilməsi də bu strategiyanın mühüm istiqamətidir. Laçın Aqro-Sənaye Parkında müxtəlif istiqamətlər üzrə 46 müəssisənin fəaliyyət göstərməsinin nəzərdə tutulması rayon iqtisadiyyatının şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Mebel, yüngül sənaye, yeyinti, balıqçılıq və digər istehsal sahələrinin yaradılması yerli məşğulluğun artırılmasına və Laçın iqtisadiyyatının yeni model üzrə formalaşmasına xidmət edir. Burada xüsusilə diqqətçəkən məqam yaradılan iş yerlərində Laçın sakinlərinin üstünlük təşkil etməsidir. Bu yanaşma Böyük Qayıdışın sosial mahiyyətini tamamlayır: insanlar yalnız evlərinə qayıtmamalı, eyni zamanda doğma yurdda işləməli, istehsal prosesinə qoşulmalı və öz rayonlarının iqtisadi inkişafının fəal iştirakçısına çevrilməlidirlər. Turizm də Laçının gələcək inkişafının əsas istiqamətlərindən biridir. Rayonun unikal təbiəti, dağlıq relyefi, meşələri, çayları və tarixi-mədəni irsi onun Azərbaycanın aparıcı turizm məkanlarından birinə çevrilməsi üçün geniş imkanlar yaradır. “Laçın” İstirahət Kompleksinin yaradılması, şəhərdə bulvarın, istirahət məkanlarının və kanat yolunun inşası bu potensialın sistemli şəkildə reallaşdırıldığını göstərir. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də şəhərin artıq yalnız Azərbaycanın daxili inkişaf gündəliyində deyil, beynəlxalq humanitar və mədəni əməkdaşlıq müstəvisində də yeni mövqeyə çıxdığını göstərdi. Bu status Laçının mədəni irsinin, yaradıcılıq imkanlarının və regionun yeni simasının beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm platformaya çevrildi. Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının yaradılması da bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Studiyanın fəaliyyəti işğal və postişğal dövrünün salnaməsinin yaradılması, Qarabağın təbiətinin və tarixi-mədəni irsinin audiovizual vasitələrlə təqdim olunması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, həm də Azərbaycanın Qarabağ həqiqətlərinin beynəlxalq informasiya məkanında daha geniş təqdim edilməsinə xidmət edən mədəni diplomatiya alətidir. 2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması isə Laçının regional inkişaf strategiyasına daha geniş miqyas qazandırır. Ümumi tutumu 100 milyon kubmetr olacaq su anbarı və təxminən 172 kilometrlik magistral boru kəməri vasitəsilə Laçınla yanaşı, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının içməli su təminatına mühüm töhfə veriləcək. Bu layihə işğaldan azad edilmiş ərazilərin vahid infrastruktur sistemi əsasında inkişaf etdirilməsi siyasətinin mühüm nümunəsidir. Prezident cənab İlham Əliyevin Laçına mütəmadi səfərləri də dövlət başçısının bu əraziyə xüsusi diqqətinin göstəricisidir. 2021-ci ildən etibarən keçirilən səfərlərdə enerji, nəqliyyat, hava limanı, su infrastrukturu, yaşayış, sənaye, təhsil və turizm layihələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi Laçının inkişafının epizodik deyil, ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Xüsusilə 2025-ci ildə Laçında keçirilən yüksək səviyyəli beynəlxalq görüşlər şəhərin yeni siyasi və diplomatik rolunu da nümayiş etdirdi. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında bir araya gəlməsi, üç qardaş və dost dövlət arasında siyasi dialoqun burada keçirilməsi Laçının artıq müharibənin dağıntıları ilə deyil, regional əməkdaşlıq, tərəfdaşlıq və yeni geosiyasi reallıqlarla assosiasiya olunan məkana çevrildiyini göstərən mühüm siyasi mesaj idi. Bu baxımdan Laçının bugünkü siması Azərbaycanın postmüharibə siyasətinin üç əsas istiqamətini – ərazi bütövlüyünün bərpası, insanların doğma torpaqlarına qaytarılması və azad edilmiş ərazilərin dayanıqlı inkişafının təmin edilməsi – özündə birləşdirir. Laçın artıq keçmişin ağrılı xatirələrinin deyil, gələcəyin imkanlarının şəhərinə çevrilir. Burada dağıdılmış evlərin yerində yeni yaşayış məhəllələri, məhv edilmiş infrastrukturun yerində müasir sosial obyektlər, işğalın yaratdığı boşluğun yerində həyat və iqtisadi fəaliyyət formalaşır. Yaşıl enerji, rəqəmsal idarəetmə, müasir şəhərsalma, sənaye, turizm və logistika layihələri Laçının XXI əsrin tələblərinə cavab verən şəhər kimi yenidən qurulduğunu göstərir. 
26 Avqust-Laçın Şəhəri Günü bu mənada yalnız bir tarixi hadisənin ildönümü deyil. Bu tarix Azərbaycanın keçmişdən gələcəyə uzanan dövlətçilik iradəsinin, hərbi Zəfərin siyasi nəticəyə çevrilməsinin və milli iradənin konkret quruculuq layihələri ilə təsdiqlənməsinin simvoludur. Laçının azad edilməsi tarixi ədalətin bərpası idisə, Laçının yenidən qurulması həmin ədalətin davamlı və dayanıqlı gələcəyə çevrilməsidir. Bu gün Laçın öz sakinlərini qəbul edən, yeni iqtisadi imkanlar yaradan, beynəlxalq tədbirlərə ev sahibliyi edən, yaşıl enerji istehsal edən və müasir şəhərsalma prinsipləri ilə inkişaf edən bir məkandır. Ən başlıcası isə Laçın artıq öz doğma sakinlərinin səsi ilə canlanır. Onilliklər boyu həsrətlə gözlənilən qayıdış gerçəkləşir. Bu qayıdış Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin siyasi iradəsinin, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın milli həmrəyliyinin nəticəsidir. Laçının bugünkü dirçəlişi dünyaya mühüm siyasi mesaj verir: Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yalnız dağıntıları aradan qaldırmır, yeni həyat qurur. Bu həyat sülhə, sabitliyə, regional əməkdaşlığa, iqtisadi inteqrasiyaya və davamlı inkişafa əsaslanır. Laçın bu gün Zəfərin şəhəridir. Amma onun əsas hekayəsi artıq yalnız keçmişdə qazanılmış Zəfərlə deyil, gələcəkdə qurulan həyatla yazılır.

Mehriban Vəliyeva,

Milli Məclisin deputatı