Avropa İttifaqına (Aİ) miqrantların qanunsuz keçirilməsində şübhəli bilinən 112 nəfər saxlanılıb.
“İki sahil” xəbər verir ki, Aİ-nin Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) koordinasiyası ilə Qərbi Balkanlardan Mərkəzi Avropaya uzanan marşrut üzrə keçirilən əməliyyata 17 ölkənin sərhəd və polis orqanları cəlb olunub. Əməliyyat zamanı sənədlərin saxtalaşdırılması üzrə 60 fakt aşkarlanıb, 3137 qeyri-qanuni miqrant müəyyən edilib. Sərhəd-keçid məntəqələrində 2431 nəfərin Avropa ölkələrinə girişinə icazə verilməyib, 1109 nəfərin isə müvafiq icazə olmadan Avropada qaldığı müəyyənləşdirilib.
Eləcə də insan alverində şübhəli bilinən 4 nəfər saxlanılıb. Bundan başqa, 18 odlu silah və 1665 patron, 3 kiloqram marixuana, 5 tondan çox xam tütün müsadirə edilib. Oğurlanmış 59 avtomobil aşkarlanaraq sahiblərinə və ya aidiyyəti qurumlara qaytarılıb.
Əməliyyata Avstriya, Bolqarıstan, Xorvatiya, Almaniya, Yunanıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Bosniya və Herseqovina, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya və Böyük Britaniya qatılıb. “Europol”, “Interpol” və “Eurojust” da əməliyyata dəstək verib.