Macarıstanın yeni hökuməti NATO-nun şərq cinahının gücləndirilməsini, həmçinin orada mövcud və gələcək təhdidlərin qarşısını almaq üçün zəruri olan "təhlükəsizlik dəhlizi"nin yaradılmasını dəstəkləyir.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Anita Orban Sloveniyada Mərkəzi və Cənub-Şərqi Avropa liderlərinin və hökumət üzvlərinin qatıldığı Strateji Forumda çıxışı zamanı bildirib.
O, Mərkəzi Avropada şimal-cənub əlaqələrini inkişaf etdirməyi "strateji cəhətdən vacib bir vəzifə" adlandıraraq, enerji, nəqliyyat və rəqəmsal şəbəkələrin inteqrasiyasının, eləcə də neft və qaz tədarükünün şaxələndirilməsinin vacibliyini qeyd edib. Həmçinin Baltik və Adriatik sahilləri arasında dəmir və avtomobil yolları əlaqələrinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacib olduğunu deyib.
Xarici işlər naziri Macarıstanın NATO-da "zəif halqa"ya çevrilməyəcəyinə əminlik ifadə edib, ölkənin müdafiə xərcləri və hərbi imkanlarının gücləndirilməsi də daxil olmaqla müttəfiqləri qarşısındakı öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb.