01 sentyabr 2026 13:53
110

Şahbaz Şərif ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif artan geosiyasi gərginlik fonunda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sülh və sabitliyin təmin olunmasında rolunun gücləndirilməsinə çağırıb.

“İki sahil” xəbər verir ki, Baş nazir bunu Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə deyib.

Baş nazir terrorizmi region üçün ən ciddi təhdidlərdən biri adlandırıb və bildirib ki, terrorçularla mübarizədə 90 mindən çox pakistanlı həlak olub, ölkənin iqtisadi itkiləri isə 150 milyard dolları ötüb. O vurğulayıb ki, terror qruplaşmaları Pakistana qarşı hücumlar həyata keçirmək üçün Əfqanıstan ərazisindən istifadə etməməlidirlər. Bununla yanaşı, İslamabadın dinc və sabit Əfqanıstanda maraqlı olduğunu qeyd edib.

Məhəmməd Şahbaz Şərif dəmir yolu, avtomobil və energetika layihələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, su ehtiyatlarından siyasi məqsədlərlə və ya təzyiq vasitəsi kimi istifadə edilməsi qəbuledilməzdir və bu sahədə beynəlxalq sazişlərə əməl etməyə çağırıb.

O ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb və bildirib ki, təşkilatın inkişaf bankının yaradılması regional iqtisadi əməkdaşlığı gücləndirə bilər.

Pakistanın 2026–2027-ci illərdə ŞƏT Dövlət Başçıları Şurasına sədrliyi ilə əlaqədar Məhəmməd Şahbaz Şərif bildirib ki, İslamabad energetika, İT, səhiyyə, mədəniyyət və idman sahələrinə diqqət yetirəcək, həmçinin ŞƏT çərçivəsində süni intellekt sahəsində infrastruktur və idarəetmə sisteminin yaradılmasını təklif edəcək.