03 sentyabr 2026 20:30
56

Yüksək səslə musiqi dinləməyin ZƏRƏRLƏRİ NƏLƏRDİR?

Son illərdə xüsusilə gənclər arasında geniş istifadə olunan  qulaqcıqlar yüksək səsə uzun müddət məruz qalma zamanı qulaq sağlamlığı üçün təhlükə yarada bilər. Mütəxəssislər yüksək səsin daxili qulaqda yerləşən hüceyrələrə zərər vuraraq “akustik travma” və qalıcı eşitmə itkisinə səbəb ola biləcəyini bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, problem qulaqcıqdan istifadənin özündə deyil, səsin həddindən artıq yüksək olması və qulaqların uzun müddət güclü səsə məruz qalması ilə bağlıdır. Xüsusilə küçədə, ictimai nəqliyyatda və digər səs-küylü mühitlərdə xarici səsləri eşitməmək üçün qulaqcıqda musiqinin səsini artırmaq riski daha da yüksəldir.

Səhiyyə Elmləri Universitetinin Şişli Həmidiyə Etfal Təlim və Araşdırma Xəstəxanasının Qulaq-Burun-Boğaz şöbəsinin müdiri, professor Suat Turgut bildirib ki, uzun müddət çox yüksək səslə musiqi dinləmək müəyyən tezliklərdə eşitmə itkisinə səbəb ola bilər. O qeyd edib ki, normal danışıq səviyyəsində olan 30-40 desibellik səs qulaqda akustik travmaya səbəb olmur. Lakin gənclər xüsusilə ətrafdakı səs-küyü boğmaq üçün qulaqcıqların səsini artırırlar: "Təbii ki, musiqinin səsi yüksəldikcə daxili qulağın akustik travmaya məruz qalması riski də artır. Bu səbəbdən də normal ünsiyyət zamanındakı danışıq səsindən dəfələrlə yüksək səviyyədə musiqi dinləməyin"

Həkim Suat Turgut qulaqdaxili qulaqcıqların fiziki təsirlərinə də diqqət çəkib. Onun sözlərinə görə, birbaşa qulaq kanalına yerləşdirilən bu tip qulaqcıqlar xarici qulaq yolunu zədələyə və infeksiyalara səbəb ola bilər.

Mütəxəssis həm qulaq sağlamlığını qorumaq, həm də insanın ətraf mühitlə əlaqəsini tamamilə itirməmək üçün yeni nəsil qulaqcıqlardan istifadəni mümkün variant kimi göstərib. Onun sözlərinə görə, son dövrlərdə sırğa kimi qulaq seyvanına yerləşdirilən, sümük keçiriciliyi prinsipi ilə işləyən açıq tipli qulaqcıqlar da hazırlanıb. Bu cihazlar xarici qulaq kanalını açıq saxlayaraq səsi sümük vasitəsilə ötürür: "Bu cihazların digər qulaqcıqlardan fərqli olaraq xarici qulaq yolunu açıq saxlaması qulaq kanalının dərisinin zədələnməsinin qarşısını alır. Bununla da qulaqda qaşınma, infeksiya və narahatlıq hissi kimi problemlər azalır."

Bir digər türkiyəli Qulaq-Burun-Boğaz mütəxəssisi, professor Zahidə Minə Yazıcının sözlərinə görə, burada əsas problem qulaqcıqdan istifadə deyil, yüksək səslə musiqi dinləməyə bağlı eşitmə itkisidir: "Uyğun desibel səviyyəsindən yuxarı səslərə məruz qalmağın müəyyən təhlükəsiz hədləri var. Məsələn, 80 desibel səviyyəsində səsi həftədə ən çox 40 saat dinləmək olar. Səs 83 desibelə yüksəldikdə bu müddət 20 saata, 86 desibel olduqda isə 10 saata qədər azalır. Səsin gücü bizim üçün qulaqcıqdan istifadədən daha mühüm amildir."

Yazıcı qulaqcıqdan istifadə zamanı səs səviyyəsinin cihazın maksimum gücünün 60 faizindən yuxarı qaldırılmamasını tövsiyə edib. Səs-küylü mühitlərdə isə xarici səsləri azaldan və ya bloklayan qulaqcıqlardan istifadə etməyin daha məqsədəuyğun olduğunu bildirib: "İctimai nəqliyyatda və çox səs-küylü mühitlərdə qulaqcıqdan istifadə edərkən musiqini yaxşı eşitmək üçün səsin səviyyəsi istər-istəməz artırılır. Bu da qulağımızın daha çox zərər görməsinə səbəb olur. Buna görə səs-küyə qarşı qoruyucu funksiyası olan qulaqcıqlar faydalıdır. Çünki onlar xarici səsi azaltdığından insanın qulaqcıqdakı səs səviyyəsini artırmasının qarşısını alır."

Yazıcının sözlərinə görə, yüksək səsə məruz qalma erkən mərhələdə müəyyən edilərək dayandırılarsa, eşitmə qabiliyyətinin bərpa olunması ehtimalı yüksəkdir. Lakin yüksək səsə məruz qalma davam etdikcə qalıcı zədələnmə riski də artır. O, səsin gücü yüksəldikcə təhlükəsiz məruzqalma müddətinin qısaldığını qeyd edib və 105 desibel gücündə səsə 5-10 dəqiqədən artıq məruz qalmamağı tövsiyə edib.

Həkim Zahidə Minə Yazıcı adi eşitmə testlərinin qulaqda yaranan zədələnməni hər zaman tam şəkildə müəyyən etməyə imkan vermədiyini də bildirib: "Xüsusilə yüksək tezlikləri qiymətləndirən audiometrik müayinə aparmaq lazımdır. Adi eşitmə testində itkinin aşkarlanmaması həmin şəxsin eşitmə problemi olmadığı anlamına gəlmir. Belə bir şübhə varsa, pasiyent daha ətraflı müayinə olunmalı və yüksək tezliklər üzrə göstəriciləri də yoxlanılmalıdır."

Yazıcı Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarının problemin miqyasını göstərdiyini bildirib: "Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz dinləmə qaydalarına əməl edilmədiyi təqdirdə, təxminən 1 milyard gəncin gələcəkdə səs-küyə bağlı eşitmə itkisindən əziyyət çəkə biləcəyini bildirir. Buna görə həkimlər və cəmiyyəti məlumatlandıran şəxslər olaraq gəncləri təhlükəsiz eşitmə qaydaları barədə mütləq məlumatlandırmalı və xəbərdar etməliyik."

Şahnigar Əhmədova, "İki sahil"