04 sentyabr 2026 21:22
111

Səfir: İkitərəfli münasibətlər bu gün yüksək səviyyəyə çatıb

Tacikistan ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında əlaqələrin formalaşması və müstəqillik illərində mərhələli şəkildə inkişaf etməsində dövlət başçılarının siyasi iradəsi mühüm rol oynayıb. Tacikistan Prezidenti, Tacikistan xalqının lideri Emoməli Rəhmon və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində ikitərəfli münasibətlər bu gün yüksək səviyyəyə çatıb.

“İki sahil” xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon deyib. O bildirib ki, son üç il ərzində iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına mühüm töhfə verib. Səfir turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb: "Hazırda Bakı ilə Düşənbə arasında həftədə dörd dəfə birbaşa müntəzəm aviareys həyata keçirilir və təyyarələrdə doluluq yüksəkdir. Yaxın gələcəkdə uçuşların sayının artırılması gözlənilir. Bu isə xalqlarımız arasında qarşılıqlı marağın və iki ölkə arasındakı münasibətlərin inkişaf səviyyəsinin göstəricisidir".

İlhom Abdurahmon Azərbaycan və Tacikistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin təşəbbüslərini dəstəklədiyini bildirib. Diplomat iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdiyini diqqətə çatdırıb. Mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

“Bakıda və Düşənbədə mədəniyyət günləri keçirilir, müxtəlif sərgilər, tədbirlər təşkil olunur. Bu istiqamətdə Azərbaycan Hökuməti və Mədəniyyət Nazirliyi bizə hərtərəfli dəstək göstərir”, – deyə diplomat qeyd edib.