05 sentyabr 2026 00:58
104

“Okaz” qəzeti Bakı haqqında geniş reportaj dərc edib

Səudiyyə Ərəbistanının “Okaz” qəzeti Azərbaycan paytaxtı Bakı haqqında geniş reportaj dərc edib.

“İki sahil” xəbər verir ki,  məqalədə Bakının tarixi, qədim şəhər memarlığı, İslam dünyası ilə əlaqələri, neft sənayesinin inkişafı və son illərdə Səudiyyə Ərəbistanından gələn turistlərin Azərbaycana artan marağı diqqətə çatdırılıb. Məqalədə qeyd olunur ki, Bakını yaxından tanımaq üçün şəhəri piyada gəzmək daha maraqlıdır. Paytaxtın tarixi mərkəzi olan İçərişəhərdə qədim qala divarları, dar küçələr, tarixi binalar, məscidlər və kiçik dükanlar qorunub saxlanılır. Qız qalası və Şirvanşahlar sarayı İçərişəhərin əsas tarixi abidələri sırasındadır.

Qəzet Azərbaycanın islam dünyası ilə tarixi əlaqələrinə də toxunur. Qeyd olunur ki, Azərbaycan İslam mədəniyyətinə böyük töhfələr verib.

Reportajda Azərbaycanın “Odlar yurdu” kimi tanınmasına səbəb olan təbii qaz və neft ehtiyatlarından da bəhs olunur. XIX əsrin sonlarında neft sənayesinin sürətli inkişafı Bakını dünyanın əsas neft mərkəzlərindən birinə çevirib. Şəhərin sürətlə böyüməsi və yeni binaların inşası da həmin dövrə təsadüf edir.

Məqalədə Bakının müasir simvoluna çevrilən “Alov qüllələri” də xüsusi qeyd olunur. Qəzet yazır ki, gecə saatlarında yüksəklikdə yerləşən üç qüllənin işıqları Bakı mənzərəsinə özünəməxsus görünüş verir. “Okaz” qəzeti Azərbaycanın Səudiyyə Ərəbistanından gələn turistlər üçün daha əlçatan istiqamətə çevrildiyini də qeyd edir. Səudiyyə vətəndaşları üçün viza rejiminin ləğv edilməsi ölkəyə səfərlərə marağı artıran amillərdən biri kimi göstərilir.

Məqalədə, həmçinin bildirilir ki, Bakı ilə yanaşı, Azərbaycanın digər bölgələri də turistlər üçün maraq doğurur. Dağlar, meşələr, kəndlər və fərqli iqlimə malik bölgələr ölkənin paytaxtdan kənardakı təbii və turizm imkanlarını nümayiş etdirir.