"Bakı İqlim Fəaliyyəti 2026” çərçivəsində "Sülh, humanitar yardım və bərpa üçün dövlət və özəl sektorun iqlim maliyyəsinin səfərbər edilməsi" adlı dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, dəyirmi masada çıxış edən Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev əsas prioritetin beynəlxalq öhdəlikləri praktik və ölkələrin özlərinin rəhbərlik etdiyi fəaliyyətə çevirmək olduğunu vurğulayıb. Bildirib ki, iqlim dəyişikliyi artıq kövrəklik, münaqişə, məcburi köçkünlük və humanitar ehtiyaclarla üzləşən ölkələr, xüsusilə də ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətləri üçün ciddi nəticələr doğurur. Bu, həssas icmalara, dolanışıq mənbələrinə, ərzaq və su təhlükəsizliyinə, inkişafa və uzunmüddətli sabitliyə əlavə təzyiq yaradır.
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev çıxışında iqim dəyişikliyinin artıq sülh və təhlükəsizlik üçün ciddi təhdidə çevrildiyini bəyan edib. Bildirib ki, quraqlıqlar, ekstremal hava hadisələri və dəniz səviyyəsinin yüksəlməsi də daxil olmaqla, iqlimlə bağlı fəlakətlərin tezliyinin və intensivliyinin artması, xüsusilə münaqişələrə meyilli regionlarda yerləşən ölkələr üçün ağır nəticələr doğurur.
Maldivin İqlim Dəyişikliyi, Ətraf Mühit və Energetika Nazirliyinin baş direktoru Amjad Abdulla iqlim dayanıqlılığının sabitliyə və davamlılığın təmin edilməsinə qoyulan investisiya olduğunu vurğulayıb.
Yaşıl İqlim Fondunun nümayəndəsi Maika Nova Yudha isə dünyanın ən böyük iqlim fondu olan Yaşıl İqlim Fondunun (GCF) inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma tədbirlərinin həyata keçirilməsi üçün maliyyə vəsaitlərini səfərbər edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Fond xüsusilə iqlim təsirlərinə həssas ölkələrə dəstək göstərir. Bildirib ki, bu günədək Fond inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dollarından çox vəsait ayırmağı öhdəsinə götürüb.
Dəyirmi masa müzakirələrlə davam edib.