11 sentyabr 2026 11:12
100

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən, at piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Sərxan Rüstəmzadə yüngül xəsarət alıb.

Vətəndaş ANAMA-nın əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

“ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır”, - deyə məlumatda vurğulanıb.